Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbirlər T.Cəfərov, E. Tariverdiyeva/
İran Prezidentinin mətbuat üzrə keçmiş müşaviri və IRNA dövlət informasiya agentliyinin sabiq direktoru Əli Əkbər Cavanfekr ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinməyib və bəraət alıb, lakin hələlik "Evin" həbsxanasında saxlanılır. Bu barədə Trend bazar ertəsi ISNA agentliyinə istinadən məlumat verir.
Cavanfekrin vəkili Qəhrəman Şücai hüquqlarını müdafiə etdiyi şəxsin bəraət alması barədə məlumatı təsdiq edib, lakin onun nə vaxt azad ediləcəyi məlum deyil.
Qeyd edək ki, Cavanfekr sentyabrın 26-da İslam normaları və insan dəyərlərinə zidd, habelə İranın ali lideri ayətullah Əli Xamneyini təhqir edən materialları dərc etdiyinə görə həbs edilmişdi.