...

Prezidentliyə namizəd: Urmiya gölünün xilas edilməsi gələcək prezident üçün proritet olmalıdır

Dünya xəbərləri Materials 25 Aprel 2013 16:44 (UTC +04:00)
Urmiya gölünün qurumasının qarşısının alınması və onun nicatı seçiləcək prezidentin proritet məsələsi olmalıdır.
Prezidentliyə namizəd: Urmiya gölünün xilas edilməsi gələcək prezident üçün proritet olmalıdır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Cəfərov/

Urmiya gölünün qurumasının qarşısının alınması və onun nicatı seçiləcək prezidentin proritet məsələsi olmalıdır. Trend İranın Asriran.com saytına istinadən məlumat verir ki, bunu İranın sabiq xarici işlər naziri və prezidentliyə namizəd Mənuçöhr Müttəki Urmiyada çıxışı zamanı deyib.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.

Müttəki bildirib ki, Urmiya gölünün qurumasının qarşısının alınması üçün hazırda yaxşı planlar təsdiq olunub, lakin bu planlar həyata keçirilməyib. "Planın olması gölün qurumasının qarşısını almayacaq, iş görmək lazımdır", - o qeyd edib.

Müttəki Araz və Zab çaylarının suyunun Urmiya gölünə axıdılmasını əhəmiyyətli çıxış yolu adlandırıb. "Araz və Zab çaylarından suyun gölə axıdılması gölün qurumasının qarşısını almaq üçün əhəmiyyətli çıxış yoludur. Lazımi vəsaitin ayrılması ilə bu gölün qurumasının qarşısı alınmalıdır", - o bildirib.

Rəsmi statistikaya əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur. Gölün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Qeyd edək ki, İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti