Azərbaycan, Bakı, 8 may /Trend, müxbir T.Cəfərov/
İranın müxalifət düşərgəsininin lideri, sabiq prezident Məhəmməd Xatəmi ötən gecə jurnalistlərlə görüşündə sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyə namizədliyini dəstəklədiyini və buna sevindiyini bəyan edib. Trend-in məlumatına görə, bu barədə Məhəmməd Hatəminin rəsmi xəbər saytı (baran.org.ir) məlumat verir.
Xatəmi deyib ki, Haşiminin namizədliyini irəli sürməsi hamının udması deməkdir.
Xatəmi əlavə edib ki, Haşiminin bir neçə gün öncə əgər rəhbər (İranın ali lideri) razılıq verərsə seçkilərdə namizədliyini irəli sürəcəyini söylədikdə çox sevinib.
Xatırladaq ki, mayın 6-da İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ali lider ayətullah Əli Xamneyinin razılığı olduğu təqdirdə qarşıdakı prezident seçkilərində iştirak edəcəyini bəyan etmişdi.
İranda prezidentliyə namizədlərin rəsmi qeydiyyatı mayın 7-də başlayıb.
Qeydiyyat mayın 11-nə kimi davam edəcək.
12-16 may tarixlərində Konstitusiya Nəzarət Şurası hər bir namizədin səlahiyyətinə baxacaq.
Əgər şura hər hansı bir səbəbdən namizədin prezident seçkilərində iştirak hüququna malik olmadığı barədə qərar verərsə, onda müəyyən olunan vaxta qədər namizəd bu qərara etiraz edə bilər.
Mayın 23-24-də İran DİN seçkilərdə iştirak edən namizədlərin adlarını açıqlayacaq. Mayın 24-də seçkiqabağı kampaniya başlanacaq və iyunun 12-də başa çatacaq.
Xatəmi əlavə edib ki, ali liderin razılığı olmadığı halda namizədliyini irəli sürən hər bir kəs problemlə üzləşəcək.
Qeyd edək ki, ötən gün İranın sabiq prezidenti Məhəmməd Hatəminin dövründə təhlükəsizlik naziri olmuş Əli Yunisi Rəfsəncani ilə danışdığını və onun prezident seçkilərində namizdliyini irəli sürməyəcəyini söylədiyini bildirib.
İranda 11-ci prezident seçkiləri iyunun 14-də keçiriləcək.