Azərbaycan, Bakı, 28 avqust /Trend/
BMT-nin proqnozlarına görə, 2100-cü ilədək Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. Trend-in "Sputnik"-ə istinadən verdiyi məlumata əsasən, bu barədə BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir: "BMT-nin proqnozu 2010-cu il dünyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslanır".
Q.Ayrapetyan qeyd edib ki, 2100-cü ilədək dünya əhalisinin sayı 11,2 milyard olacaq, ən böyük əhali artımı Afrikanın payına düşəcək: "Əhalinin azalmasına səbəb olacaq əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir".
Miqrasiyaya gəldikdə isə, onun sözlərinə görə, Ermənistanda miqrasiyanın mənfi saldosu 2015-ci ildə 25 min olduğu halda, 2100-cü ilədək 12 min nəfər ölçüsündə proqnozlaşdırılır.
Demoqraf Ruben Yeganyan bildirib ki, onun proqnozuna görə hər il Ermənistanı 30 min insan tərk edir.
O qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.