...

İran və Avropa müştərək bank yarada bilər

Dünya xəbərləri Materials 20 Noyabr 2015 20:07 (UTC +04:00)
Avropa ölkələri ilə ticarətin sadələşdirilməsi məqsədilə İran-Avropa müştərək bankının təsis edilməsi təklif olunur.
İran və Avropa müştərək bank yarada bilər

İran, Tehran. Təmkin Cəfərov - Trend:

Avropa ölkələri ilə ticarətin sadələşdirilməsi məqsədilə İran-Avropa müştərək bankının təsis edilməsi təklif olunur. Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf Avropa bank rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

V.Seyf çıxışında İranın beynəlxalq maliyyə bazarlarına yenidən qoşulması, İran və Avropa bankları arasında müxbir münasibətlərin qurulmasından danışıb: "Beynəlxalq ictimaiyyət İranla iqtisadi əlaqələrin qurulmasının üstünlüklərindən istifadə edə bilər. İran böyük iqtisadi potensiala malikdir, ölkənin gənc və savadlı işçi qüvvəsi var, inkişaf etmiş infrastruktura və çox böyük təbii sərvətlərə sahibdir".

Bank rəhbəri bildirib ki, İran iqtisadiyyatı Avropa bazarlarına tanışdır, çünki İran və Avropa arasında uzunmüddətli əməkdaşlıq olub: "2010-cu ildə Almaniya 2,7 milyard dollarlıq ticarət dövriyyəsi ilə İranın ən böyük ticarət tərəfdaşlarından biri olub. Bundan başqa, İranın Almaniyanın 27 bankı ilə müxbir münasibətləri var".

V.Seyf deyib ki, İran və "5+1" ölkələri arasında əldə olunmuş razılıq xarici şirkətlərin İranda yenidən fəaliyyətə başlaması üçün əlverişli şərait yaradır: "İran Mərkəzi Bankı xarici investorların və maliyyə şirkətlərinin ölkədə fəaliyyəti üçün öz dəstəyini əsirgəməyəcək, onlara güzəştlər veriləcək və iinvestisiyaların qorunmasına zəmanət veriləcək".

Onun sözlərinə görə, hazırda beynəlxalq investorlara ölkənin azad iqtisadi zonalarında və daxilində banklar təsis etməyə icazə verilir: "İnvestorlar azad iqtisadi zonalarda bankları 100 faiz öz mülkiyyətləri ilə, ölkə daxilində isə 40 faiz paya sahib olmaqla yarada bilərlər".

V.Seyf ticarətin asanlaşdırılması məqsədilə İran-Avropa müştərək bankının təsis edilməsi təklifinə toxunaraq bildirib ki, İran Mərkəzi Bankı xarici investisiyaları və onların səmərəliliyinə zəmanət verməyə hazırdır.

Mərkəzi Bankın sədri İranın beynəlxalq banklarla uzunmüddətli və davamlı əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti