Bakı. Trend:
“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin qara qutularından biri tapılıb.
Trend xəbər verir ki, bu barədə axtarış işləri aparan heyət üzvləri mətbuat konfransında bildiriblər. Qeyd edilib ki, təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik olduğundan axtarış işlərinin çox çətinliklə aparılıb. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər şəxsi heyət, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə edilir. Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.
Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olan təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb.