Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida və italiyalı həmkarı Corca Meloni yanvarın 10-da Romada keçirilən görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Liderlər Yaponiya və İtaliya arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması barədə razılaşıblar. Xüsusilə, tərəflər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri arasında dialoqun inkişaf etdirilməsi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.
Yanvarın 10-da F.Kişida Romada mətbuat konfransında bildirib ki, Yaponiya və İtaliya xarici işlər və müdafiə nazirləri arasında "2+2" formatında danışıqlara başlamaq qərarına gəliblər.