Bakı. Trend:
Rusiya hökuməti “Apple” cihazlarının dövlət məmurları tərəfindən istifadəsinin qadağan edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, dövlət işçilərinə “iPhone”, “iPad”, “Mac” kimi məhsullardan iş üçün istifadə etməyi qadağan edən yeni qanun ABŞ-a qarşı kibertəhlükəsizlik addımı olaraq atılıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir müddət əvvəl açıqladığı sənədə görə, ABŞ kəşfiyyat orqanları casusluq əməliyyatlarında “Apple” məhsullarından istifadə edir.
Rusiya Ticarət Nazirliyi, Telekommunikasiya və Rabitə Nazirliyi kimi digər dövlət qurumları da oxşar qadağaları həyata keçirmək istədiklərini açıqlayıblar.
FTX bildirib ki, “Apple” ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edərək bu cihazlardakı danışıqlara nəzarət etməyə icazə verib. O, həmçinin “iOS” , “iPadOS” və “MacOS” kimi əməliyyat sistemlərində xüsusi izləmə proqramının yerləşdirildiyini iddia edir.
Qadağa yalnız hökumətlə əlaqəli biznesə şamil ediləcək. Başqa sözlə, dövlət işçiləri öz şəxsi işləri üçün “Apple” məhsullarından istifadə etməyə davam edəcəklər.
“Apple” isə məhsullarında heç bir hökumətlə əməkdaşlıq etmədiyini vurğulayıb. Şirkət öz cihazlarının təhlükəsizliyini və istifadəçi məxfiliyini qorumağa sadiq olduğunu bildirib.