...

Danimarka XİN İslam ölkələrindən üzr istəyib

Dünya xəbərləri Materials 15 Avqust 2023 12:00 (UTC +04:00)
Danimarka XİN İslam ölkələrindən üzr istəyib

Bakı. Trend:

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen İslam ölkələrindən üzr istəyib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, İslamofobiyanın yüksək həddə çatdığı Avropada, Quranı hədəf alan hücumlar davam edir. Təxribatçıların yuva qurduğu İsveç və Danimarkada hücumlar davam etsə də, mövzu ilə bağlı yeni açıqlama yayılıb.

Daha əvvəl Quranın qadağan edilməsi üçün addımlar atılacağını bildirən Danimarka hökuməti bu dəfə üzrxahlıqla İslam dünyasının qarşısına çıxıb. Xarici işlər naziri Lars Lökke Rasmussen Danimarkanın paytaxtı Kopenhagendə Əlcəzair də daxil olmaqla, bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurana edilən hücumlara görə üzr istəyib və peşman olduğunu bildirib.

Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb. Danışıq zamanı danimarkalı nazir bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına qarşı törədilən cinayət dalğasına görə təəssüfləndiyini deyib.

Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir, sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib. XİN rəhbəri hökumətinin bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsinə nöqtə qoyduğunu, bu qanun layihəsini parlamentə təqdim edəcəyini də vurğulayıb.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

11-12 avqust tarixlərində isə, Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial şəbəkədə paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti