Bakı. Trend:
İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.
Trend xəbər verir ki, bu barədə “ Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.
Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.
Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.
xxx
12:54
İran və ABŞ məhbusları bu gün "beşə beş" formatında azad olunacaq.
Trend xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani bu gün mətbuat konfransında deyib.
"ABŞ həbsxanalarındakı 5 İran vətəndaşı və İranda həbsdə olan 5 ABŞ vətəndaşı bu gün sərbəst buraxılacaq", - deyən Kənani əlavə edib ki, 2 İran vətəndaşı öz istəyi ilə ölkəyə geri qayıdacaq, biri üçüncü ölkədə ailəsinin yanına gedəcək, 2 vətəndaş isə ABŞ-də qalmaq istədiyini bildirib.
Qeyd edək ki, avqustun 10-da “The New York Times” qəzeti Vaşinqtonla Tehranın məhbus mübadiləsi barədə razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ ev belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Razılaşmaya əsasən, İran ABŞ-nin sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında dondurulan 6 milyard dolları geri ala biləcək.
Tehran “Nüvə sazişindən” çıxdıqdan sonra ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. Nəticədə ən iri səkkiz neft idxalatçısı, o cümlədən Cənubi Koreya İrandan enerji resursları almağı dayandırıb. Eyni zamanda, Koreya Respublikası İran neftinin idxalı üçün nəzərdə tutulan vəsaiti dondurmaq qərarına gəlib.