Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən gün İranda keçirilən növbədənkənar prezident seçkilərində “İsalahatçılar” düşərgəsinin nümayəndəsi azərbaycanlı Məsud Pezeşkian İranda “İslam İnqilabı”ndan sonra 9-cu prezident seçilib.
Trend yeni seçilən prezidentin dosyesini təqdim edir:
Məsud Pezeşkian 1954-cü il 29 sentyabrda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Mahabad rayonunda dünyaya gəlib. Ürək cərrahlığı üzrə mütəxəssis həkim İran-İraq müharibəsi dövründə həkim kimi fəaliyyət göstərib.
O, 2000-2001-ci illərdə səhiyyə nazirinin müavini və 2001-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb.
2007-ci ildən Təbriz, Azərşəhr və Üskünün İran parlamentində 5 dövr parlamentə deputat seçilib və bir dövr parlamentin vitse-spikeri vəzifəsində çalışıb.
Pezeşkianın hazırda 3 övladı var. Onun həyat yoldaşı avtomobil qəzasında bir övladı ilə dünyasını dəyişib və ondan sonra ailə həyatı qurmayıb.