Bakı. Trend:
Rusiyanın Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert salonuna hücumda iştirak edən dörd nəfərlə bağlı yeni qərar verilib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsindən məlumat verilib.
Məlumata görə, iclas qapalı rejimdə keçirilib. Məhkəmə istintaqın vəsatətini təmin edərək Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs müddətini 22 noyabra qədər uzadıb.
Qeyd olunub ki, müttəhimlərin dördü də terror aktının bilavasitə icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatırdı, həmçinin iki yeni ittiham bəndi - terrorizm təlimi keçmək və terror təşkilatında iştirak etmək əlavə olunub.
Xatırladaq ki, terror aktı martın 22-də baş verib. Hücum edənlər tamaşaçılara avtomat silahlardan atəş açıb və tamaşa zalını yandırıblar. Terror zamanı 145 nəfər həlak olub. Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib.