Bakı. Trend:
BFMTV-nin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə əsasən, fransızların təxminən yarısı "Əyilməz Fransa" (LFI) partiyasının Milli Assambleyada Prezident Emmanuel Makronun istefası ilə bağlı təklifini dəstəklədiklərini bildirib.
Trend xəbər verir ki, respondentlərin 49 faizi təklifin lehinə, 50 faizi isə əleyhinə olduğunu qeyd edib. Yeni Xalq Cəbhəsinə (NFP) səs verənlərin 64 faizi, Milli Birlik (RN) partiyasının seçicilərinin isə yarısı bu impiçment prosedurunu dəstəklədiklərini bildirib. Sağçı və solçuların 74 faizi hesab edir ki, bu təklif prezidentin istefasına səbəb olmayacaq.
Fransızların 52 faizi Yeni Xalq Cəbhəsi (NFP) namizədi Lüsi Kastetsin baş nazir təyin edilməməsi qərarının demokratiyanın inkarı olmadığını düşünür, 47 faizi isə bunun əksini fikirləşir.
Parlament seçkilərindən yeddi həftə keçməsinə baxmayaraq, yeni hökumətin hələ də formalaşmamasına gəldikdə, respondentlərin 63 faizi bunun üçün əsasən Prezident Makron və onun komandasının məsuliyyət daşıdığını bildirib. Respondentlərin 27 faizi isə bu vəziyyətdə Yeni Xalq Cəbhəsini (NFP) məsuliyyətli hesab edir.
Növbəti baş nazir mövzusunda, fransızların 41 faizi istefa vermiş Baş nazir Qabriel Attalın yenidən bu vəzifəyə təyin olunmasını istəyir. İkinci yerdə Milli Birlik (RN) partiyasının lideri Jordan Bardella (38 faiz), üçüncü yerdə isə keçmiş baş nazir Bernard Kaznöv (28 faiz) gəlir.
Xatırladaq ki, avqustun 26-da Prezident Emmanuel Makron, partiya liderləri və parlamentdəki fraksiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra NFP-nin dəstəklədiyi hökumətin qurulmasını istisna edib. Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edən "Əyilməz Fransa" (La France insoumise) partiyası onu istefaya məcbur etmək üçün Konstitusiyanın 68-ci maddəsi ilə hədələyir.
Belə bir gərgin vəziyyətdə, Emmanuel Makron Beşinci Respublika dövründə misli görünməmiş siyasi böhrandan çıxmaq üçün yeni məsləhətləşmələrə başlayıb.