Bakı. Trend:
Yunanıstan Sahil Mühafizəsi Krit adasında 53 miqrantı, Egey dənizindəki Qavdos adasında isə daha 75 nəfəri taparaq xilas edib.
Trend-in məlumatına görə, bu barədə Afina Makedoniya Xəbər Agentliyi xəbər verib.
Məlumata əsasən, Heraklion şəhərinin liman rəhbərliyinə Sahil Mühafizəsinin Axtarış və Xilasetmə üzrə Vahid Koordinasiya Mərkəzindən məlumat verilib ki, Kritdən 39 dəniz mili cənubda əcnəbilərin olduğu qayıq dənizdə qəzaya uğrayıb. Dərhal hadisə yerinə xilasedicilərin olduğu kater gəlib və qayıqda 53 qeyri-qanuni miqrant aşkar edib. Onlar Kalon Limenon limanına aparılıblar. Onların açıqlamasına görə, miqrantlar avqustun 10-da Liviya sahillərindən Yunanıstana yola düşüblər.
Hadisə ilə bağlı ilkin təhqiqat Heraklion liman administrasiyası tərəfindən aparılır. Hakimiyyət orqanları 20 yaşlı miqrant qaçaqmalçısını müəyyən edərək həbs edib. O, cinayət məsuliyyətinə cəlb edilib.