Bakı. Trend:
Portuqaliya parlamenti miqrasiya haqqında qanununa humanitar vizaların verilməsi imkanını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, anadan olduğu ölkədə təqiblərlə üzləşən və ya münaqişədən qaçan insanlar siyasi sığınacaq almaq üçün müvəqqəti olaraq Portuqaliyaya gedə biləcək. İmmiqrantlar illik sosial sığorta haqqını ödədiyi halda keçid dövrü ərzində Portuqaliyada müvəqqəti yaşayış icazəsi üçün müraciət edə biləcəklər. Yeni düzəliş sayəsində yaxın gələcəkdə belə bir viza üçün müraciəti səfirlikdə etmək mümkün olacaq.
Qanun layihəsi Parlamentin Konstitusiya məsələləri, hüquqlar, azadlıqlar və zəmanətlər Komitəsində müzakirəyə çıxarılacaq.