Bakı. Trend:
İsrailin müdafiə texnologiyaları istehsalçısı “Elbit Systems” NATO üzvü olan Rumıniya ilə çoxsəviyyəli dronlara qarşı mübarizə sistemlərinin tədarükü üçün təxminən 60 milyon dollarlıq müqavilə imzalayıb.
Trend, “News.ro” agentliyinə istinadla xəbər verir ki, müqavilə çərçivəsində sistemlərin üç il ərzində tədarük edilməsi planlaşdırılır.
Şirkət bildirib ki, bu layihə modulyar “ReDrone Counter-UAS” sistemini əhatə edir. Layihə çərçivəsində təkmilləşdirilmiş “DaiR” radarı və “SIGINT” siqnal kəşfiyyatı sensorları da Rumıniyaya təqdim ediləcək.
“ReDrone” antidron sistemi düşmən pilotsuz uçuş aparatlarını (PUA) aşkar edib tanıya, şəhər və ya kənd mühitində, həmçinin hər cür hava şəraitində, günün istənilən vaxtında izləyib neytrallaşdıra bilər. Sistem həm stasionar, həm də mobil konfiqurasiyalarda mövcuddur və nəqliyyat vasitələrinə quraşdırılaraq çevik istismarı təmin edir.
Bu tədarük Rumıniyanın hava məkanının qorunmasını gücləndirmək və PUA təhdidlərinə qarşı mübarizədə texnoloji üstünlük əldə etmək üçün mühüm addımdır.