Bakı. Trend:
İsveçdə cari ilin fevralında ərzaq qiymətləri keçən ilin eyni ayı ilə müqayisədə 3,9 faiz artıb.
Trend xəbər verir ki, ən çox bahalaşma kofe və süd məhsullarında qeydə alınıb. İqtisadçılar mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər. Yaxın vaxtlarda qiymətlərin enəcəyi ilə bağlı heç bir əlamət yoxdur.
“SEB” bankının baş iqtisadçısı Yens Maqnusson bildirir ki, yüksək inflyasiya “Riksbank”ın faiz dərəcələrini azaltmasını çətinləşdirəcək. O qeyd edib ki, İsveç iqtisadiyyatı, xüsusilə də özəl istehlak sektoru hələlik artım göstərmir və stimullaşdırıcı tədbirlərə ehtiyac duyur.
İsveçin Statistika İdarəsinin (SCB) məlumatına görə, inflyasiyaya əsas təsir edən amillər elektrik enerjisi, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətlərinin artması olub. Xüsusilə də, qəhvə 28 faiz, yağ 26 faiz, şirniyyat və dondurma isə 9,4 faiz bahalaşıb.
Süd məhsullarının qiyməti orta hesabla 10 faiz artıb. Ekspertlər qiymət artımını qlobal qeyri-sabitlik, daşınma problemləri və hava faktoru ilə əlaqələndirirlər. Bu səbəblər tədarük zəncirinin bütün səviyyələrində xərclərin yüksəlməsinə gətirib çıxarır.
Ərzaq məhsullarından başqa elektrik enerjisinin və geyimlərin qiyməti də artıb. Bununla yanaşı, faiz xərcləri 20 faiz, yanacaq isə 7 faiz ucuzlaşıb.
Sol Partiyasının lideri Nuşi Dadqostar qiymət artımına etiraz olaraq iri supermarket şəbəkələrinə boykot elan edib. Müxalifət inflyasiya ilə mübarizə çərçivəsində hökuməti fəal hərəkət etməyə çağırıb. Keçmiş baş nazir Maqdalena Andersson hesab edir ki, iri ticarət şirkətlərinin təsirini azaltmaq üçün bazarda rəqabət gücləndirmək lazımdır. Dadqostar da həmçinin ərzaq nəhənglərinin bazar gücündən istifadə edərək qiymətləri artırdığını və bununla da ölkə iqtisadiyyatının sabitliyini pozduqlarını bildirib.
Boykota çağırış sosial şəbəkələrdə geniş yayılmaqdadır. Dadqostar vurğulayıb ki, insanlar təkcə iri ticarət şəbəkələrindən alış-verişdən imtina etməklə deyil, həm də yerli satıcıları dəstəkləməklə və ya evdə olan ərzaq ehtiyatlarından istifadə etməklə bahalaşmaya qarşı etirazlarını göstərə bilərlər.