Bakı. Trend:
Çin ilk dəfə olaraq nüvə elektrik stansiyalarının ümumi quraşdırılmış gücünə görə dünyada birinci yerə yüksəlib.
Trend xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası (CNEA) məlumat yayıb.
Ölkənin nüvə energetikasında ümumi quraşdırılmış güc 113 milyon kilovat təşkil edir.
Hazırda Çində işləyən, tikilməkdə olan və tikintisinə icazə verilən ümumilikdə 102 nüvə enerji bloku mövcuddur. Onlardan 58-i kommersiya məqsədilə fəaliyyət göstərir və ümumi gücü 60,96 milyon kilovat təşkil edir. Tikintisi davam edən 28 blokun isə quraşdırılmış gücü 33,65 milyon kilovatdır.
CNEA sədrinin birinci müavini Çao Şudunun sözlərinə görə, 2024-cü ildə Çzyansu, Şandun və Quandun əyalətlərində daha 11 nüvə enerji blokunun tikintisinə icazə verilib.
Ötən il Çində nüvə elektrik stansiyalarında istehsal olunan ümumi enerji 444,7 milyard kilovatsaata çatıb ki, bu da ölkənin ümumi elektrik istehsalının 4,72 faizini təşkil edib. Çao Şudunun qeyd etdiyi kimi, nüvə enerjisindən istifadə sayəsində Çin ildə 334 milyon ton karbon qazı emissiyasının qarşısını alır.