Bakı. Trend:
ABŞ-nin İran əleyhinə yeni sanksiyalar tətbiq etməsi İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar davam edən dolayı danışıqlara mənfi mesaj olacaq.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müzakirələr əsnasında qarşı tərəflər təhrikedici addımlar atarlarsa, onların ciddiliyini naməlum vəziyyətlə üzləşdirə bilər.
“Əlbəttə, İran ABŞ-də də müxtəlif baxış və fikirlərin olduğunu və ixtlafların mövcud olduğunu bilir. Müxtəlif tərəflərin irəliyə sürdüyü məsələlər diqqət mərkəzində saxlanılır və onun haqqında qərar verilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.