Bakı. Trend:
İran, ABŞ hökuməti respublikanın dondurulmuş aktivlərini blokdan çıxarmağa və onun nüvə proqramı çərçivəsində dinc məqsədlərlə uran zənginləşdirmə hüququnu tanımağa razılıq verərsə, uranın zənginləşdirilməsini bir il müddətinə dayandırmağa hazırdır.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton Tehranın şərtlərini qəbul edərsə, tərəflər “siyasi razılaşma” əldə edə bilərlər. Hələlik bu təklif amerikalı müzakirəçilərlə rəsmi şəkildə müzakirə olunmayıb. İddiaya görə, razılaşma çərçivəsində İran uranın zənginləşdirilməsini bir illik müddətə dayandıracaq, mövcud yüksək səviyyədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi isə ya digər ölkələrə göndəriləcək, ya da dinc məqsədlə nüvə yanacağına çevriləcək.
Agentlik qeyd edir ki, ABŞ rəsmiləri dəfələrlə İranla yeni nüvə sazişi bağlanması üçün zənginləşdirmə fəaliyyətinin dayandırılmasının vacib olduğunu bildiriblər. Tehran isə dəfələrlə nüvə silahı istehsalına çalışmadığını bəyan edib.
Xatırladaq ki, İran və ABŞ nümayəndələri 23 mayda Romada Tehranın nüvə proqramı ilə bağlı böhranın həllinə dair danışıqların beşinci raundunu keçiriblər. Vasitəçi qismində çıxış edən Oman tərəfindən bu danışıqlarda müəyyən, lakin yekun olmayan irəliləyişin əldə edildiyi açıqlanıb. İranın nümayəndəsi Abbas Araqçi bildirib ki, tərəflər bir neçə görüş ərzində konkret nəticələrə nail ola biləcəklərinə ümid edirlər.