Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar üçün Vaşinqtona yola düşüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O, Ben Qurion aeroportunda jurnalistlərə verdiyi açıqlamada Trampla görüşdə Qəzza məsələsi ilə yanaşı İranla bağlı danışıqlar prosesinin müzakirə olunacağının anonsunu verib.
“Bu səfər zamanı bir sıra məsələləri müzakirə edəcəyik: Qəzza, regiondakı vəziyyət, lakin ilk növbədə İranla danışıqları. Mən prezident Trampa bu danışıqların aparılması prinsipləri ilə bağlı bizim baxışımızı, mühüm prinsipləri təqdim edəcəyəm. Mənim fikrimcə, onlar təkcə İsrail üçün deyil, Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən bütün dünya üçün vacibdir”, – deyə İsrailin Baş naziri bildirib.
Qeyd edək ki, fevralın 6-da Omanda İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
