Bakı.Trend:
ABŞ terrorla mübarizə çərçivəsində Nigeriyaya əlavə olaraq 200 hərbçi göndərəcək.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, ABŞ administrasiyası Qərbi Afrikada, xüsusilə Nigeriyada artan terror fəaliyyətlərindən ciddi narahatlıq ifadə edib. Sözügedən göndərişin ABŞ ilə Nigeriya hökuməti arasında əldə olunmuş qarşılıqlı razılaşma çərçivəsində həyata keçiriləcəyi qeyd olunub.
Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Samaila Uba açıqlamasında ABŞ hərbçilərinin birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcəyini bildirib.
ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) komandanı general Dagvin Anderson fevralın 4-də Nigeriyaya kiçik bir hərbi qrup göndərildiyini açıqlamışdı. Anderson həmin hərbi qrupun Nigeriyaya nə vaxt çatdığı barədə məlumat verməmişdi. Nigeriya Müdafiə Qərargahı bunun iki ölkə arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bəyan etmişdi. Açıqlamada əməkdaşlığın potensialın artırılması, peşəkar hərbi təlim, kəşfiyyat məlumatlarının paylaşılması, logistika dəstəyi, eləcə də terrorizm və transsərhəd təhdidlərə qarşı strateji dialoqu əhatə etdiyi qeyd olunmuşdu.
