...

Vaşinqton enerji sahəsində Rusiyadan asılı olmaması üçün Gürcüstana yardım etmək istəyir

Dünya xəbərləri Materials 8 Avqust 2006 18:35 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi "mövcud kursun alternativlərini müzakirə etmək və Gürcüstanın enerji sektoruna qoyulan sərmayələrin yolundakı maneələri müəyyənləşdirib aradan qaldırmaq üçün" Tennesi ştatındakı "Hovard Beykerin açıq siyasət mərkəzi" analitik qrupu ilə əməkdaşlıq edir. Bu barədə Amerikanın Energetika Nazirliyi yanında Siyasət və beynəlxalq münasibətlər bürosunda Rusiya və Avrasiya işləri üzrə proqramın direktoru Lana Yekimoff bildirib.

"Biz ümid edirik ki, bu təşəbbüs enerji sektorunun uzun müddətli strategiyasının hazırlanmasında Gürcüstana kömək edəcək və energetika təhlükəsizliyinin məqbul səviyyəyə çatmasına imkan yaradacaq", - deyə ABŞ konqresinin beynəlxalq münasibətlər komitəsinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə yarımkomitəsinin iyulun 25-də keçirilən dinləmələrində Yekimoff bildirib. Gürcüstanın Rusiyanın enerji təchizatından asılılığı yanvar ayında aşkar edilib. O zaman Rusiyadan Gürcüstana qaz tədarük edən iki boru kəməri partlayıb və bu, Tbilisi və digər şəhərlərdə energetika böhranına səbəb olub. O vaxt Gürcüstanın hökümət orqanları Rusiyanı qəsdən enerji çatışmazlığı yaratmaqda ittiham edib. Moskva bütün ittihamları rədd edib.

"Gürcüstan-Rusiya münasibətlərinin xarakteri qaz və elektriki etibarlı şəkildə tədarük etməyə imkan vermir və on ildən çox vaxt ərzində Gürcüstan qışın ən soyuq dövrlərində öz vətəndaşlarını istilik və elektrik enerjisi ilə təmin edə bilməyib", - deyə Yekimoffun komitəyə göndərdiyi yazılı ifadələrdə qeyd olunub.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, Yekimoffun fikrincə, Birləşmiş Ştatların Gürcüstana göstərdiyi energetika yardımı yanvar ayındakı energetika böhranının nəticələrini yumşaldıb.

"Bu tədbirlər sonrakı islahatlara əlavə olaraq, Azərbaycandan təcili qaz yardımının alınmasını asanlaşdıraraq və Gürcüstan SES-lərin gücünü çoxaldaraq, böhranın nəticələrinin yumşaldılmasında mühüm rol oynayıb", - deyə o qeyd edib. Yekimoffun ifadələrində yanvar böhranının qarşısının alınmasında İranın qaz tədarükünün mühüm element olduğu qeyd olunmayıb. Gürcüstan planı Orta Asiya və Qafqaz ölkələrinin energetika sektorunun inkişafına yardım edilməsinə və eyni zamanda ABŞ-ın bölgədə təsirinin artmasına yönəlmiş Amerikanın hökümət orqanlarının daha geniş strategiyasının hissəsidir.

ABŞ-ın Cənubi və Mərkəzi Asiya işləri üzrə dövlət katibinin birinci müavini Stiven Mənn qeyd edib ki, "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin və Xəzər dəniz boru kəməri konsorsium xəttinin tikintisi başa çatdığından, hazırda Vaşinqtonun diqqəti "ikinci fazaya" - Mərkəzi Asiyadan yeni enerji marşrutlarının yaradılmasına yönəlib. İkinci fazanın əsas məqsədi "Bakı-Tbilisi-Ceyhan" boru kəməri üzrə nəql üçün ABŞ-ın bölgədə əsas müttəfiqi - Qazaxıstandan daha çox neftin cəlb olunmasından ibarətdir. Qazaxıstanın "Kaşaqan" yatağında tədqiq edilmiş ehtiyatlar 30 mlrd. barel neftə çatır. Orada cəmi 100 mlrd. barelə qədər neft ola bilər.

Xəbər lenti

Xəbər lenti