İraq müharibəsi qlobal terror təhlükəsinin artmasına və islam radikalizminin yeni dalğasının yaranmasına şərait yaradıb. Belə bir rəy ABŞ-ın 16 kəşfiyyat xidməti nümayəndələrinin hazırladığı məruzədə öz əksini tapıb. "Qlobal terrorun tendensiyaları: ABŞ üçün əhəmiyyəti" başlıqlı məxfi sənədin məzmunu barədə bazar günü "Nyu-York tayms" qəzeti Amerika administrasiyasının məlumatlı mənbələrinə istinadən xəbər verib.
Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, nəşrin müsahiblərindən biri adlarının mətbuatda çəkilməməsi xahişi ilə bildirib ki, sənədə əsasən, "İraq müharibəsi ümumi terror problemini ağırlaşdırıb". Sənəddə ABŞ ərazisində yeni terror aktlarının törədilməsi ehtimalı ilə bağlı konkret qiymətləndirmələr yoxdur. Bununla yanaşı, müəlliflər qeyd edir ki, 11 sentyabr 2001-ci il hadisələrindən sonra terror təhlükəsi artıb.