...

Türkiyə prezidenti postuna yenidən A.Gülün namizədliyi nəzərdən keçirilir

Dünya xəbərləri Materials 30 İyul 2007 16:38 (UTC +04:00)

Türkiyə, Ankara/ Trend müxbir A.Ələsgərov/ Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) inamlı qələbəsi Türkiyə prezidenti vəzifəsinə xarici işlər naziri Abdulla Gülün namizədliyini yenidən irəli sürmək üçün parlamentdə əlverişli siyasi fon və güc bölgüsü yaradıb. Bu məsələ üzrə AKP-də müzakirələr aparılır, həmçinin ölkənin yeni parlamentində təmsil olunan Cümhuriyyət Xalq partiyası (CHP), Milliyətçi Hərəkat partiyası (MHP), həmçinin bitərəf deputatlarla gizli məsləhətləşmələr aparılır.

Yerli müşahidəçilər qeyd edirlər ki, siyasi qüvvələrin bu cür bölgüsündə AKP tərəfindən xarici işlər naziri Abdulla Gülün namizədliyinin təkrar irəli sürüləcəyi təqdirdə müxalifət partiyaları daha üzüyola mövqe tuta bilərlər. CHP lideri Dəniz Baykalın ötən cümə "baş nazirin onun yanına gələcəyini vəd etməsi və bu görüşün prezidentliyə namizədliyin müzakirəsinə həsr olunacağı təqdirdə qarşılıqlı kompromisin tapıla biləcəyi" barədə bəyanatı da bunu göstərir.

O bəyan edib ki, əgər AKP yeni prezidentin namizədliyini CHP ilə razılaşdırarsa, o zaman bu partiya parlamentdə prezident seçkilərində iştirak edəcək. Ancaq CHP seçkidə iştirak etməyəcəyi təqdirdə belə, prezident seçilməsi üçün tələb olunan 367 səsi digər müxalifət partiyası MHP-nin hesabına qazanmaq da olar. Bu partiyanın lideri Dövlət Baxçalı AKP tərəfindən kimin namizədliyinin irəli sürülməsinə baxmayaraq bu partiyanın parlamentdəki seçkilərdə iştirak edəcəyini bildirib. Parlamentdəki seçkilərdə bitərəf deputat qruplarının iştirak edəcəyi və AKP tərəfindən irəli sürülən namizədə etiraz etməyəcəkləri proqnozlaşdırılır.

Ankarada yaranmış vəziyyətlə bağlı "isti" bir həftənin keçəcəyi gözlənilir. Bu da Abdulla Gülün yenidən prezidentliyə namizəd kimi irəli sürülməsinin mümkünlüyü ilə bağlı müzakirələr və yeni parlamentin aparıcı partiyaları arasında pərdə arxasındakı danışıqların fəallaşacağı ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti