Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/
Azərbaycanın gənclər təşkilatları arasında geniş fəaliyyəti ilə seçilən "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Trend xəbər verir ki, konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən "İrəli" İB-nin sədri Rauf Mardiyev bildirib ki, Hesabat-seçki Konfransında 292 nəfər iştirak edir ki, bu da yetərsayın olduğu deməkdir.
Konfransın katibliyi və say komissiyasının üzvlərinin səsverməsi keçirildikdən sonra "İrəli" İB-nin son 2 il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, hesabat dövründə təşkilata 8432 yeni üzv qəbul olunub. Birlik tərəfindən 28 onlayn aksiya təşkil edilib, 412 yeni layihə, o cümlədən 43 beynəlxalq layihə həyata keçirilib. Ümumən həyata keçirilən layihələrdə 65 min nəfər, xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə isə 231 təşkilat üzvü iştirak edib. Bu dövr ərzində təşkilat 43 yeni tərəfdaş. o cümlədən 14 beynəlxalq tərəfdaş qazanıb. Bundan əlavə, təşkilat üzvləri 1126 təlimdə iştirak ediblər. Bundan əlavə, görülən digər işlər və layihələr barədə ətraflı məlumat verilib və təşkilatın ötən dövr ərzində fəaliyyəti müsbət dəyələndirilib.
Sonra konfransda qonaq qismində iştirak edən şəxslər çıxış edərək təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, "İrəli"nin Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində əldə edilən uğurları xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən Prezident Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Yeni Azərbaycan Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyi yanında "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev təşkilatın yeni seçiləcək heyətinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, onlara ölkədə çatışmazlıqlara, ideoloji işlərə daha çox diqqət yetirməyi, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu prinsiplərə sadiq olmağı, eləcə də birliyin fəaliyyət sahəsini və əhatə dairəsini daha da genişləndirməyi tövsiyə ediblər.
Rauf Mərdiyev çıxışlarda səslənin rəy və təkliflərin mütləq nəzərə alınacağını, mövcud çatışmazlıqların ən qısa zamanda aradan qaldırılacağlnı bildirib.
Birliyin üzvləri isə çıxışlarında təşkilatın onların həyatında mühüm rol oynadıqlarını, formalaşmalarına böyük təsir göstərdiklərini bildiriblər.
"İrəli" İctimai Birliyinin Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə səsvermə keçirilib.
Bundan sonra "İrəli" İctimai Birliyinin sədri vəzifəsinə namizədlər irəli sürülüb.
Birliyin sədrliyinə vahid namizəd kimi irəli sürülən Mirhəsən Seyidov çıxış edib. Öz platformasını təqdim edən Mirhəsən Seyidov gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb.
"İrəli" İctimai Birliyinin sədri vəzifəsinə səsvermə zamanı təşkilat üzvləri yekdilliklə Mirhəsən Seyidovu təşkilatın yeni sədri seçiblər.
Bununla da "İrəli" İctimai Birliyinin IV Hesabat-Seçki Konfransına yekun vurulub.
Qeyd edək ki, Mirhəsən Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.