Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Hüseynov/
Qala Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Bakıda turistlərin daha çox maraq göstərdiyi məkanlardan biri hesab edilir.
Trend-in məlumatına görə, 2008-ci ildə Heydər Əliyev Fondu Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini yaratdı.
Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qonaqlar Qərb və Şərqin qovuşuğunda yerləşən Bakı kəndlərinin həyat tərzi, adət-ənənələri ilə interaktiv şəkildə tanış ola bilərlər. Onlar dəmirçilik, dulusçuluq, xalçaçılıq emalatxanalarında peşə ustalarının iş proseslərini də izləyə bilərlər. Qala kəndində yaşamış bir tacirə məxsus və 1810-cu ildə tikilmiş evdə qonaqlar yuxa yayıb, sac üstündə lavaş bişirmək imkanı qazanırlar. Qonaqlar üçün fayton gəzintisi də təşkil olunur.
Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan stehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılıb və karvansara-restoran fəaliyyətə başlayıb.
Qala İnformasiya Mərkəzi vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər.
Muzey Kompleksin ərazisində fəaliyyət göstərən karvansara-restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinet yaradılıb.
I Avropa Oyunlarına gələcək qonaqlar Bakının bu gözəl guşəsinə baş çəkərək onunla tanış ola bilərlər.
Muzey kompleksi saat 09:00-dan 21:00-dək fəaliyyət göstərir.