...

Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin sərgisi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 20:44 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyi tərəfindən Bakı-2015 I Avropa Oyunları ərəfəsində “Azərbaycan milli geyimləri sərgisi” adlı layihə həyata keçirilir.
Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin sərgisi (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyi tərəfindən Bakı-2015 I Avropa Oyunları ərəfəsində "Azərbaycan milli geyimləri sərgisi" adlı layihə həyata keçirilir.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, layihənin məqsədi Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə milli geyimlərimiz, adət-ənənələrimiz və mədəniyyətimiz haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir.

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin, İctimai Birliyin təşkilatçılığı ilə "Park Bulvar" ticarət və əyləncə mərkəzində sərginin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin sədri Cavid Quliyev layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, Avropa Oyunları ilə bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gəlməsi gözlənilir. Milli geyimlərimizin, mədəniyyətimizin təbliği, qonaqlara layiqincə tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, layihə Bakı-2015 Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət edir. Qeyri-hökumət təşkilatlarının belə layihələrdə iştirakı təqdirəlayiq haldır: "Avropa Oyunları ərəfəsində qədim və zəngin mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. "Azərbaycan milli geyimləri" sərgisi də bu qəbildən növbəti tədbirdir. Məqsəd ölkəmizə gələcək turistlərin diqqətini milli geyimlərimizə, irsimizə, bütövlükdə ölkəmizin tarixinə və mədəniyyətinə cəlb etməkdən ibarətdir".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev I Avropa Oyunları ərəfəsində təşkil olunan sərginin əhəmiyyətini vurğulayıb. Bildirib ki, I Avropa Oyunları ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir.

Tədbir milli rəqs nümunələrinin nümayişi ilə davam edib.

Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Geniş kütlə üçün nəzərdə tutulan sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər. Sərgi 2 həftə davam edəcək.

Layihə çərçivəsində sərginin, həmçinin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti