...

Azərbaycana Avropa Oyunlarında 18-ci qızıl medalı paralimpiyaçımız qazandırdı (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 20:49 (UTC +04:00)
Tanınmış idmançımız İlham Zəkiyev Avropa Oyunlarında gözdən əlil cüdoçuların yarışında qızıl medal qazanıb.
Azərbaycana Avropa Oyunlarında 18-ci qızıl medalı paralimpiyaçımız qazandırdı (VİDEO)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Tanınmış idmançımız İlham Zəkiyev Avropa Oyunlarında gözdən əlil cüdoçuların yarışında qızıl medal qazanıb.

Trend xəbər verir ki, bu gün Heydər Əliyev adına İdman Sarayında paracüdoçular arasında yarış keçirilib. Gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında təmsil edən 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev finalda ukraynalı Oleksandr Pominovla qarşılaşıb.

Tamaşaçılar tatami üzərində maraqlı və gərgin mübarizənin şahidi olublar. Əvvəlcə hakim təmsilçimizi bir sido cərimə xalı ilə cəzalandırıb. Daha sonra onun ukraynalı rəqibinə eyni aqibəti yaşadan hakim ardınca idmançımıza da sido cərimə xalı verib. Buna baxmayaraq, rəqibinə vaza-ari ilə qiymətləndirilən fənd işlədərək onu tatamiyə çırpan İlham ardınca saxlama (asai-komi) fəndi tətbiq edib və ipponla vaxtından əvvəl qalib gələrək Avropa Oyunlarının çempionu adını qazanıb.

Beləliklə, yarışlarda cəmi 2 görüşə çıxaraq, hər ikisində də qalib gələn paracüdoçumuz Avropa Oyunlarının qızıl medalına layiq görülüb. İ.Zəkiyev bunadək yarımfinalda Yunanıstan təmsilçisi Klimis Papaxristosu məğlub etmişdi.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, paralimpiyaçıların yarışı baş tutur. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edib. Onlardan 90 kq-dan artıq çəkidəki digər kişi təmsilçimiz Zakir Mislimov Oyunların bürünc, 57 kq-dək çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Səbinə Abdullayeva isə Oyunların gümüş medalını əldə edib.

Qeyd edək ki, bu gün cüdo yarışlarına ümumilikdə Azərbaycanın 8 idmançısı qoşulub. Onlardan 5 nəfəri - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) mübarizəni erkən mərhələlərdə dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti