Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Gövhər Həsənzadənin öz adındakı hərflərin sayı qədər disk buraxdırmaq layihəsinin bütün texniki tərəfləri həll olunub. Bu barədə Trend Life-a bəstəkarın piar-meneceri Ceyran Nəriman məlumat verib.
"Məlum olduğu kimi, altı albomun hər biri Göhvər sözündəki hərflərlə adlandırılacaq. Layihə üzərində Türkiyənin mötəbər şirkətlərindən biri işləyir. Bir çox məşhur türk sənətçiləri ilə danışıqlar aparılır. Kimin bu layihədə 100 faiz iştirak edəcəyini, kimin hansı mahnını ifa edəcəyini hələ ki dəqiq deyə bilmərik. Bu işlə şirkətin prodüsseri Əhməd Çələng məşğuldur. Mahnıları seçmişik və onlar türk sənətkarlarına göndərilib", - Ceyran Nəriman deyib.
"Bizə bir türk müğənnisinin Gövhər Həsənzadənin mahnısını oxuması və ya bir duet ifa edib alboma düşməsi lazım deyil. Gövhər xanımın tələbi odur ki, albomda çıxış edən hər hansı türk sənətkarı bir müddətdən sonra mütləq albomun təqdimat mərasiminə qatılmalı, layihə çərçivəsində təşkil olunan konsertdə iştirak etməlidir. Bu razılaşma baş tutduqdan sonra həmin sənətçilərin adları açıqlanacaq. Azərbaycan müğənnilərindən İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Nadir Qafarzadə, İradə İbrahimova, Elnur, Xatirə, İzzət, Kərim, Ayaz layihədə yer alacaq. Adları çəkilən müğənnilərin həm solo ifaları, həm türk sənətçiləri ilə duetləri də gözlənilir", - Ceyran Nəriman əlavə edib.
Gövhər Həsənzadənin albomlarını əldə edəcək dinləyiciləri maraqlı sürpizlər gözləyir.