...

İlhamə Quliyeva "Pişik" Günelə görə mediaya qadağa qoydu

Mədəniyyət Materials 28 İyun 2011 18:45 (UTC +04:00)
Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə Quliyeva növbəti dəfə media mənsublarına sərt qadağa qoydu.
İlhamə Quliyeva "Pişik" Günelə görə mediaya qadağa qoydu

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə Quliyeva növbəti dəfə media mənsublarına sərt qadağa qoydu. Trend vasitəsilə üzünü dost hesab etdiyi jurnalistlərə tutan İlhamə xanımın bu addımı kimə görə atdığını Siz də bilin.

"Məlum olduğu kimi, 1 iyul tarixindən etibarən Türksoyun təşkilatçılığı ilə Türkiyənin Adana şəhərində türkdilli dövlətlərdən qatılacaq sənətçilərin iştirakı ilə 38-ci beynəlxalq musiqi müsabiqəsi keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan adından həmin mötəbər müsabiqədə üç müğənninin iştirakını təşkil edib. Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasov. Yəqin ki, Günel Ələkbərova deyəndə bir çoxları tərəddüd edər ki, söhbət hansı müğənnidən gedir. Çünki Günel daha çox "Pişik" təxəllüsü ilə tanınır. Çox hörmətli jurnalistlərə səslənib deyirəm ki, bundan sonra yazdıqları yazılarında, hazırladıqları süjetlərində bu müğənnini öz soyadı ilə təqdim etsinlər. Qoyduğum qadağanı həm də xahişim kimi qəbul edin. Mən Güneli çox istəyirəm. Şirin səsi və özünəməxsus səhnə xarizması var. Media mənsubları sağ olsunlar, nə demişəmsə hörmətlə yanaşıblar. Günelə, eləcə də Cəlal və Nurlana bəri başdan uğurlar arzulayıram. Ümidvaram ki, onlar müsabiqənin favorit iştirakçıları sırasında seçiləcəklər və ilk yerləri əldə edib Vətənə qayıdacaqlar", - İlhamə Quliyeva dedi.

Yol üstündə olan Ələkbərova illərin sənətkarından dəstək aldığını biləndə çox qürurlandı. Və bizim vasitəmizlə ona göstərdiyi diqqətə görə öz təşəkkürünü ünvanladı.

Qeyd etmək yerinə düşərdi ki, sözügedən müsabiqəni işıqlandırmaqdan ötrü Trend-in əməkdaşı olaraq mən də heyətlə birlikdə Adanaya yola düşəcəyəm. Və festival çərçivəsində baş verən ən maraqlı məqamları Siz oxuculara təqdim edəcəyik. Odur ki, yazılarımızı izləməyə davam edin.

Xəbər lenti

Xəbər lenti