...

Azərbaycanlı yazıçı ədəbiyyatdakı durğunluğun səbəblərini açıqlayıb

Mədəniyyət Materials 13 Oktyabr 2011 17:13 (UTC +04:00)
Azərbaycanlı yazıçı Hüseynbala Mirələmov ədəbiyyatdakı durğunluğun səbəblərini açıqlayıb.
Azərbaycanlı yazıçı ədəbiyyatdakı durğunluğun səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı yazıçı Hüseynbala Mirələmov ədəbiyyatdakı durğunluğun səbəblərini açıqlayıb.

"Azərbaycan ədəbiyyatı XX əsrin 60-cı illərinə qədər durğunluq dövrü yaşayırdı. 60-cı illərdən sonra müasir Azərbaycan ədəbiyyatında sanki bir inqilab baş verdi və ədəbiyyata çoxlu istedadlı adamlar gəldi. 70-ci illərdə Azərbaycan ədəbiyyatı o durğunluqdan çıxmışdı və müasir ədəbiyyatımızda intibah dövrü yaşanırdı. Çox təəssüflər olsun ki, bu gün də Azərbaycan ədəbiyyatı 60-cı illərə qədərki durğunluq dövrünü yaşayır", - bu barədə Trend-ə yazıçı və millət vəkili Hüseynbala Mirələmov bildirib.

Onun sözlərinə görə, ədəbiyyatımızdakı durğunluq Sovet hakimiyyətinin dağılmasından sonra başlayıb. Yazıçı deyib ki, Sovet hökumətinin dağılmasından sonra hətta bir müddət kitab oxuyanlar qeybə çəkilmişdi. Sanki hamı kitab oxumaqdan üz döndərmişdi.

O hesab edir ki, son dövrlər ədəbiyyatda az da olsa canlanma hiss olunur.

"İndi mətbuatda ümidlər doğuran cavan adlar görünür. Əgər onlar ədəbiyyatda dözüb qala bilsələr, aralarından güclü şairlər çıxa bilər. Lakin nəsr sahəsində elə bil 60-cı illərə qədərki durğunluq hələ də yaşanır. Yazıçılarda da, oxucularda da biganəlik yaranıb", - Mirələmov deyib.

O, hesab edir ki, ədəbiyyatda yaranan durğunluğun yeganə səbəbi maddi və maliyyə problemləridir.

"Əvvəllər yaxşı yazıçılar dövlətdən yaxşı qonorar alardılar. Misal üçün, İsa Hüseynovun "Yanar ürək" romanı var idi və o, həmin romana görə dövlətdən yaxşı qonorar almışdı. Həmin dövrdə yazıçılar öz zəhmətləri hesabına dolanırdılar. Onlar yazılarının hesabına ən varlı adamlar hesab olunurdular. Amma indi yazıçı kitab çap etdirmək üçün gərək özü cibindən pul versin, əgər o da varsa. Ya da sponsor tapmaq lazım gəlir ki, şəxsiyyəti olan yazıçılar belə şeylərə getmirlər. Ondansa yazmamağa üstünlük verirlər. O qədər yazıçı tanıyıram ki, kitab yazıb, ancaq çap etdirməyə imkanı yoxdur. İnsan gecə-gündüz yazıb, ancaq kitabı çap etdirə bilmir", - Mirələmov deyib.

Mirələmov, həmçinin qeyd edib ki, əgər yazıçı roman və ya povest yazmaqla yaxşı qonorar alacağını, həmin qonorarla ailəsini dolandıracağını, ehtiyaclarını ödəyəcəyini bilsə, o zaman güclü əsərlər yazar. Onun sözlərinə görə, bu gün yazıçı əsərlər yazmaqla öz ehtiyaclarını ödəyə bilmir. Ona görə də ədəbiyyatımızda durğunluq yaranıb.

Mirələmov insanların da kitab oxumağa həvəsinin azaldığını deyib. O bildirib ki, bu gün Azərbaycanda kitab satışı aşağı səviyyədədir. O hesab edir ki, yazıçının kitabı satılmalıdır ki, o da öz ehtiyaclarını ödəsin və yeni əsərlər yazsın.

"Kitab oxumağa həvəs sahəsində mən rus xalqına qibtə edirəm. Moskvada bir kitab mağazası var ki, yolum Moskvaya düşəndə həmin mağazaya mütləq gedirəm. Həmin mağaza həftənin bütün günləri gecə saat 01:00-a qədər işləyir. Günün çox hissəsi həmin mağazada növbələr olur. Orada insanları kitab oxumağa heç kim məcbur etmir. İnsanlar könüllü şəkildə kitab oxumağa maraq göstərirlər", - o qeyd edib.

Yazıçı hesab edir ki, insanlarda kitab oxumaq marağını orta məktəblərdən oyatmaq lazımdır.

"Uşaq vaxtlarından insanlar dərk etməlidirlər ki, kitab oxumayan millətin sonu yoxdur. Həmin millətin tarixi haradasa bitir, tükənir. Biz insanlarımıza bunu anlada bilməliyik", - o vurğulayıb.

Onun sözlərinə görə, əgər insanlarda kitab sevgisini yaratmaq mümkün olsa, o zaman yazıçı da yaxşı dolanacaq, ədəbiyyatımız da irəli gedəcək.

"Əgər yazıçının dolanışığı yaxşılaşarsa, bu dəfə yazıçı dövlət mükafatı üçün yazacaq, Nobel mükafatı üçün yazacaq və nəhayət ədəbiyyatımız inkişaf edəcək", - o qeyd edib.

Mirələmov Prezident İlham Əliyevin bu yaxınlarda Azərbaycanda teleserial istehsalının inkişaf etdirilməsi üçün 5 milyon manat vəsait ayırdığını xatırladıb və əlavə edib ki, qeyd olunan sahənin də inkişaf etdirilməsi ədəbiyyatdan asılıdır. Əgər ədəbiyyatımızda inkişafa nail ola bilsək, kino sənətinin də, teatr sənətinin də daha da inkişaf etdirilməsinə nail ola bilərik.

Xəbər lenti

Xəbər lenti