Azərbaycan, Bakı, 28 dekabr / Trend müxbir M.Əliyev/
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin işçilərinə xəbərdarlıq edib.
"Azərbaycanda elektron sənəd dövriyyəsi və elektron hökumətin qurulması məqsəd kimi qarşıya qoyulub. Bu, tələbdir, vəzifədir. Bu səbəbdən teatr, muzey, kitabxana və digər şəbəkələrin işçiləri bilməlidirlər ki, elektron xidmətlər göstərməyən müəssisələr gələcəkdə bu şəbəkədən qıraqda qalsalar, tamamilə nazirliyin işindən təcrid olunacaqlar", - Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurumun çərşənbə günü keçirilən kollegiya iclasında bildirib.
Qarayev 2012-ci il ərzində bu sahədə böyük həcmli işlərin aparılacağını qeyd edib.
Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycan ərazisində Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün kitabxana şəbəkələrinin vahid informasiya məkanına qoşulması təmin olunacaq. Nazir bildirib ki, dövlət tərəfindən müasir şəbəkə yaradılmasına ayrıca vəsait ayrılıb.
"Artıq kitabxana informasiya şəbəkəsinin inkişafı üzrə dövlət proqramına uyğun olaraq Yevlax, Xocavənd, Ağdam, Goranboy, Zəngilan, Göygöl, Xızı, Kəlbəcər, Şabran, Laçın rayon mərkəzi kitabxana şəbəkələrinin veb saytları yaradılıb, Tovuz, Quba, Salyan, Şabran, Kürdəmir, Neftçala rayonlarında kitabxanaların elektron kataloqu oxucuların istifadəsinə verilib", - nazir deyib.
Qarayev qeyd edib ki, sistem vasitəsilə həmçinin Gürcüstan və Rusiya mərkəzi kitabxanaları ilə geniş əlaqələr qurulur.
Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin işçilərinə xəbərdarlıq edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin işçilərinə xəbərdarlıq edib.
