...

Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçirilir (FOTO)

Mədəniyyət Materials 19 İyun 2012 03:23 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə 18-21 iyun tarixləri arasında, iki ölkənin nazirlikləri arasında imzalanmış protokola əsasən, Türkiyədə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.
Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçirilir (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir A.Əsgərov/

Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə 18-21 iyun tarixləri arasında, iki ölkənin nazirlikləri arasında imzalanmış protokola əsasən, Türkiyədə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində ilk olaraq bazar ertəsi Ankarada "CerModern" incəsənət mərkəzində Azərbaycanın rəsm və incəsənət əsərlərinin sərgisinin açılış mərasimi olunub. Tədbirdə Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev, Türkiyənin müdafiə naziri İsmət Yılmaz, çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə və Azərbaycanın çok sayda elm, incəsənət və ictimai xadimləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Ərtoğrul Günay, Əbülfəs Qarayev, İsmət Yılmaz və səfir Faiq Bağırov sərginin açılışının rəmzi olan qırmızı lenti kəsiblər.

Ardından açılış nitqi ilə çıxış edən Günay bir millətin iki dövləti arasında təşkil olunmuş bu kimi tədbirlərin əhəmiyyətindən söz açıb və Azərbaycan mədəniyyətinin əvəzolunmaz dəyərlərindən bəhs edib.

Daha sonra nazir Əbülfəs Qarayev çıxış üçün kürsüyə dəvət olunub. Nazir öz çıxışında iki ölkə arasında əlaqələrin çoxşaxəliliyindən bəhs edərək, mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdiriləcəyini, Azərbaycanda da Türkiyə Mədəniyyət Günlərinin təşkil olunacağını və bütün bu addımlara güclü dəstək verən hökumətimizin önəmli siyasətinin olduğunu vurğulayıb.

Sərginin ardından tədbirlərin ikinci hissəsi teatr salonunda konsert və Azərbaycan rəqslərinin nümayişi ilə davam edib.

Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Qəniyev konsertdə çıxış ediblər.

Sabah Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY-da Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq. Daha sonra tədbirlər İzmir şəhərində dava edəcək.

Xəbər lenti

Xəbər lenti