...

Bu gün Hüseyn Cavidin 130 illik yubileyidir

Mədəniyyət Materials 24 Oktyabr 2012 11:52 (UTC +04:00)
Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb (1894-1898).
Bu gün Hüseyn Cavidin 130 illik yubileyidir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu gün görkəmli Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyidir.

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb (1894-1898).

1899-1903-cü illərdə Cənubi Azərbaycanda Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. Sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyası ortaya atılıb.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti