Azərbaycan, Bakı, 15 noyabr /Trend/
IDEA kampaniyası tərəfindən həyata keçirilən "Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsinin fotoları sərgilənəcək. Bu barədə cümə axşamı Trend-ə kampaniyadan məlumat verilib.
12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA kampaniyası gənclər arasında ətraf mühitlə bağlı maarifləndirici işlərin aparılması, daimi fəaliyyətin təmin olunması, ekologiya problemlərinin ailənin, cəmiyyətin və milli həyatın ayrılmaz hissəsinə çevrilməsi naminə fəalliyət göstərən kampaniyadır.
Bu məqsədi öz fəaliyyətində rəhbər tutan IDEA kampaniyası ekoloji maariflənməni beynəlxalq səviyyədə həyata keçirərək "Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsini reallaşdırıb. Layihə tanınmış fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilərək böyük auditoriyanın marağına səbəb olub. Bir sıra ölkələrdən fotomüsabiqəyə qatılan gənclər "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" mövzularını əks etdirən fotolarla müraciət ediblər.
Nəticədə fotoqraf Rezanın sədrliyi ilə dünyanın müxtəlif hissələrindən olan foto və incəsənət ekspertləri tərəfindən seçilmiş qalib fotoların müəllifləri hədiyyələrlə təltif olunub.
"Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsinin şəkillərinin təbliğ etdiyi ekoloji çağırışları əhaliyə çatdırmaq məqsədilə IDEA kampaniyası növbəti məlumatlandırıcı tədbirini planlaşdırıb. Belə ki, noyabrın 17-də "Park Bulvar" alış-veriş mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" müsabiqəsinin qalib fotolarının əks etdirdiyi təbiətə "dost" mesajları 20-dən artıq sayda banner vasitəsilə sərgilənəcək.
Bundan əlavə, IDEA könüllüləri bannerlərlə maraqlanan şəxslərə fotolar və onların çatdırdığı mesajlar haqqında daha ətraflı məlumat verəcəklər.
Qeyd edək ki, fotomüsabiqənin nəticələrinə görə müəyyən olunmuş ən yaxşı fotolar "Park Bulvar" ticarət mərkəzinin 4-cü mərtəbəsinin tavanından asılaraq ətraf mühitə "dost" yanaşmanı insanların beyninə həkk etdirməyə çalışır.