...

II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi keçiriləcək

Mədəniyyət Materials 24 Yanvar 2013 18:49 (UTC +04:00)
Yanvarın 25-də Muzey Mərkəzində II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisinin açılış mərasimi keçiriləcək.
II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 25-də Muzey Mərkəzində II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisinin açılış mərasimi keçiriləcək. Bu sərgidə regional mərkəzlərdə keçirilmiş sərgilərdən festivalın təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, II Respublika dekorativ-tətbiqi sənət festivalı qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədilə keçirilib.

Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılır: xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma).

Festivala hazırlıq işləri 2012-ci ilin fevral ayında başlanıb. İlk mərhələdə Gəncə şəhərində bölgənin 14, Lənkəranda bölgənin 12, Şəkidə bölgənin 12, Xaçmazda bölgənin 8 rayonun, xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub. Bunda əlavə, Bakı şəhəri üzrə də xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi keçirilib.

Respublikanın bütün şəhər və rayonlarını əhatə edən festivalın yekun sərgisinin bağlanışından sonra nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti