...

ÜNS Yaradıcılıq Səhnəsində istedadlı rəssam Məryəm Ələkbərlinin qeyri-adi sənət dünyasından bəhs edən bədii-sənədli filmin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 12 Mart 2014 13:11 (UTC +04:00)
Martın 11-də ÜNS Yaradıcılıq Səhnəsində Xalq Yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş “Məryəm” bədii-sənədli filminin təqdimatı olmuşdur.
ÜNS Yaradıcılıq Səhnəsində istedadlı rəssam Məryəm Ələkbərlinin qeyri-adi sənət dünyasından bəhs edən bədii-sənədli filmin təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 11-də ÜNS Yaradıcılıq Səhnəsində Xalq Yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş "Məryəm" bədii-sənədli filminin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə filmin qəhrəmanı, tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsm əsərlərinin sərgisinə baxmışlar.

Tədbirdə çıxış edən filmin ssenari müəllifi, Xalq Yazıçısı Elçin Məryəm Ələkbərlinin sənət dünyasından, onun bənzərsiz yaradıcılıq axtarışlarından və ekran əsərinin çəkilmə səbəblərindən söz açmışdır.

Gənc rəssamın əsərlərini ilk günlərdən izlədiyini bildirən Xalq Yazıçısı demişdir ki, hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində bir əsrarəngizlik mövcuddur və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır.

Gənc rəssamın əsərlərinin mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Xalq Yazıçısı Elçin demişdir ki, bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur.

Bu səbəblərdən də elə ilk gündən diqqətimi cəlb edən Məryəm Ələkbərlinin qeyri-adi sənət dünyası son nəticədə onunla bağlı belə bir filmin ərsəyə gəlməsinə səbəb olmuşdur. Biz çalışdıq ki, nəinki Azərbaycanda, hətta dünyada öz istedadı ilə böyük sənət adamlarının diqqətini cəlb edən Məryəmin yaradıcılığını daha böyük tamaşaçı auditoriyasına çatdıraq.

Natiq belə tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə ÜNS Yaradıcılıq Səhnəsinin təsisçisi və bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya minnətdarlığını bildirmişdir.

Xalq Yazıçısı Elçin filmin yaradıcı heyətini tamaşaçılara təqdim etmişdir.

Bildirilmişdir ki, ikihissəli bu ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayev, quruluşçu rəssamları Məryəm Ələkbərli, Əziz Məmmədov, bəstəkarı Xəyal Məmmədov, operatorları Elman Əliyev və Rauf Qurbanəliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında hazırlanmış bu ekran əsərinin çəkilişləri Bakıda və Parisdə aparılmışdır.

Sonra film tamaşaçılara təqdim edilmişdir.

Filmdə hadisələr absurd məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə baş-başa qalan yaşlı rəssam qadın sonda əsərlərinin köməyi ilə yenidən həyatın başlanğıcına qayıdır.

Filmin bədii hissəsi "Sirr", sənədli hissəsi isə "Bəyaz gəmilərlə rənglərin dansı" adlanır.

Filmin bədii hissəsində rəssamın sənət dünyasını, əsərlərinin fəlsəfi yozumunu tamaşaçıya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Elmira Aslanova çatdırır.

Bu film rəssam Məryəm Ələkbərlinin əsərlərinə və onlardan dünyaya bir baxışdır.

Filmin təqdimatından sonra fikirlərini bölüşən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevə Məryəm Ələkbərlinin sənət dünyasından söz açaraq dedi:
- Kimdir Məryəm Ələkbərli?! Bu sualın cavabı bir neçə cür səslənə bilər. Məryəm bizim çox yaxın və əziz dostlarımız Fatma xanımın və Oqtay müəllimin övladıdır.

Məryəm ümumbəşəri məna daşıyan adın daşıyıcısıdır, Həzrəti Məryəm.

Məryəm kimdir? Mənə elə gəlir ki, Məryəm, sözün əsl mənasında, bir hadisədir. Mən Məryəmlə ilk tanışlığımdan danışmaq istərdim. Bu, bir neçə il bundan əvvəl Fatma xanımın və Oqtay müəllimin oğlunun toy mərasimində olmuşdur. Biz eyni masa arxasında əyləşmişdik. Mən çox təəssüf hissi ilə düşünürdüm ki, nəyə görə bu gözəl qızı indiyədək görməmişəm. Çünki Məryəm mənə çöhrəsində bir günəş qığılcımı olan və kiçik bir gümüş parçası təəssüratı bağışlayırdı. Doğrudan da onun baxışlarında və saçlarının rəngində, üzünün ifadəsində günəşli bir təbəssüm və məna vardı. O vaxt düşündüm ki, mən yəqin, zahirən çox gözəl bir simanı görürəm. Zahirən gözəl bir simanı görmək bizim üçün heç də nadir hal deyildir. Bu tanışlığım da elə bununla kifayətlənəcəkdir. Zahirən çox cazibədar bir qızdır.
Sonra illər ötdü və bildim ki, Məryəm gözəl rəsm əsərləri yaradır. Sözün düzü, əvvəllər mən bu rəsm işlərini görmədən düşünürdüm ki, əlbəttə, hər birimiz uşaqlıqda rəsm çəkmək, mahnı oxumaq, şeir yazmaq, film çəkmək, rəqqas olmaq arzusu ilə yaşamışıq. Yəqin ki, Məryəm də həmin o standart arzuları keçirən insandır. Sonra gördüm ki, yox, səhv edirəm. Çünki Məryəm standart insan deyilmiş. Məryəm doğrudan da qəlbində ilahi qığılcım olan və qeyri-adi bir gözəl qızdır. Bunu mən əminliklə deyirəm. Bu sözləri xoş olmaq və yaxud sizin qəlbinizə yol tapmaq üçün demirəm, inanın mənə. Sözün əsl mənasında, həqiqət doğrudan da bundan ibarətdir. Məryəm, sözün əsl mənasında, hadisədir. Məryəmin mənim tərifimə də, Elçin müəllimin dediyi kimi, heç bu filmə də, təmtəraqlı tədbirlərə də ehtiyacı yoxdur. Çünki etiraf edək ki, onun dünyası bizim dünyadan zəngindir. Çünki onun dünyasının, istedadının rəngi qarşısında bizim həqiqətlər çox solğun və mənasız görünür. Sözün əsl mənasında, bu, belədir. Ona görə belə bir insana film həsr etmək doğrudan da, gözəl təşəbbüsdür. Bu təşəbbüsün müəllifi Elçin müəllimə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki mən bilirəm ki, Elçin müəllim Məryəmi nə dərəcədə qəlbən istəyir. Məryəmi bir insan kimi istəyir, bir rəssam kimi istəyir. Mən onun mənimlə danışıqlarında bunun şahidi olmuşam. Elçin müəllim telefonda elə həvəslə, elə sevinclə deyirdi ki, sən Məryəmin yeni albomunu, yeni işlərini görmüsən?! Doğrudan da, insan nadir hallarda nəyəsə bu qədər aludə olur.

Elçin müəllim doğrudan da Məryəmin sənətinə bağlı insandır. Ona görə bu filmi ərsəyə gətirmişdir. Çox sağ olun, Elçin müəllim. Sizə, bu gözəl təşəbbüsü həyata keçirən çəkiliş qrupuna təşəkkürümü bildirmək istərdim. Onlara yaradıcılıq uğurları arzu edirəm. Bu ekran əsərinin birinci hissəsində çəkilmiş aktrisaya təşəkkürümü bildirirəm. Həqiqətən o, düşünülmüş absurd dünyanı gözəl təcəssüm etdirə bilmişdir. Amma biz bu absurd dünya ilə bərabər gözəl bir dünyanı da görürük. Unutmamalıyıq ki, bu gözəl dünyanı bizə bəxş edənlərdən biri də Məryəmdir. Məryəmin tabloları foyedə düzülmüşdür. Böyük bir zala sığmayan əsərlərin müəllifidir, Məryəm. O, nəinki istedadlı, həm də əməksevər insandır.

Fatma xanım, Oqtay müəllim, sizə də təşəkkürlərimizi bildirmək istərdik ki, siz Məryəmi əməyə alışdırdınız. Siz ona anlatmısınız ki, dünyanın bütün böyük rəssamları ona görə böyük olurlar ki, onlar əməyi sevirlər. Təkcə istedadla dünyanı fəth etmək olmaz. Əsl yaradıcı insan dünyanı fəth etməklə məşğul olur və bu, əməksiz mümkün deyildir. Sizə xüsusi təşəkkür edirik ki, bu gözəl, istedadlı qızı həm də gözəl insan kimi böyütmüsünüz. Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Məryəmin çəkdiyi güllərə bənzəyən bu gülləri sizə teatrımızın adından təqdim edirik. Ancaq Məryəmin çəkdiyi güllər əbədidir, bu güllər isə müvəqqətidir.

Əziz qonaqlar, bu gün çərşənbə axşamıdır, gözəl bayramdır, yazın ərəfəsidir, hamımızın qəlbində yaşayan və həmişə yaşayacaq Novruz bayramının çərşənbəsidir. Bu münasibətlə sizi təbrik edirəm və Məryəmin "Səməni" əsərinə diqqət yetirməyi arzulayıram.

Onu da deyim ki, elə mövzular var, sənətdə onları bütün rəssamlar, dünyanın böyük rəssamları işləyib. Bu mövzular qadın surətidir, natürmortdur, mənzərədir. Amma elə mövzular var ki, onları tək-tək insanlar işləyib. Bunlar "Novruz", "Səməni" mövzularıdır. Məryəm də bu mövzularda işləyib, özü də bənzərsiz işləyib. Gələcəkdə onun bu əsərlərinə baxıb bu mövzuları işləyəcəklər.

Mən bir daha sizi təbrik edir, əhval-ruhiyyənizi artırmaq üçün sizə teatrımız adından bir rəqs təqdim edirik.
Çox sağ olun, qarşıdan gələn bayramınız mübarək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti