...

YARAT "Odla suyun birliyi" layihəsini təqdim edir (FOTO)

Mədəniyyət Materials 27 Fevral 2015 10:00 (UTC +04:00)
“Odla suyun birliyi” layihəsi iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən tutuşdurmasıdır.
YARAT "Odla suyun birliyi" layihəsini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

YARAT 56-cı Beynəlxalq "la Biennale di Venezia" İncəsənət Sərgisi çərçivəsində "Odla suyun birliyi" layihəsini təqdim edir.

"Odla suyun birliyi" layihəsi iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən tutuşdurmasıdır. Sərgidə bu şəhərlərin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə Bakı ilə Venesiyanın qarşılıqlı əlaqəsi araşdırılır. "Odla suyun birliyi" layihəsinin Venesiya ünvanı Palazzo Barbaro olacaq. Bu tarixi bina vaxtilə şəxsi mülk olmuşdur - ortaçağ Venesiya taciri və diplomatı İosafat Barbaronun evi idi. Həmin Barbaronun, hansı ki, 1400-cü illərin axırlarında öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə çox yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi.

Bakıda yerləşərək müasir incəsənət sahəsində fəaliyyət göstərən YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq "la Biennale di Venezia" İncəsənət Sərgisində 9 may - 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilərin üzünə açıq olacaq.

Dünya şöhrətli, Qazaxıstan əsilli, müasir incəsənət sahəsində yaradıcılıqla məşğul olan rəssam Almagül Menlibayeva müxtəlif texnikalarda çalışır - zamanlardan və məkanlardan keçən ortaq mədəniyyət hadisələrini rəngkarlıq, qrafika, performans, instalyasiya, video və s. təsviri sənət növlərinin ifadə vasitələri ilə təcəssüm etdirir. Menlibayevanın özünəməxsus sənət dəst-xətti dünyalardan, mədəniyyətlərdən, qərinələrdən keçən sözsüz-kəlməsiz dialoqlar üzərində qurulub. Sovetlər öncəsi, İslam öncəsi, şamanlar və dərvişlər dövrünə aid tarixi mədəniyyətlərdə qadının rolu, qadının tutduğu yer - bu, Menlibayevanın xüsusi diqqətlə yanaşdığı mövzudur. Rəşad Ələkbərova gəlincə isə, o, son vaxtlar beynəlxalq incəsənət aləminin diqqət mərkəzinə keçən Azərbaycan rəssamlarından biridir. Onun instalyasiya əsərləri duyğusal qavrayışın pozulmasını araşdırırlar; fərqli materiallara müraciət edərək, Rəşad Ələkbərov obyektləri və müxtəlif hissələri işığın qabağına elə düzür ki, onların saldığı kölgələr sənət əsəri anlamına gəlirlər. İnstalyasiya qurmaqla yaradıcılıq işi arasındakı fərq və oxşarlıq, həmçinin işıqla kölgə, reallıqla təəssürat arasındakı bu cür ikili qarşılıqlı münasibət onun əsərlərində əsas yer tutur.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən "Odla suyun birliyi" layihəsi Muxtarovun sarayından - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən ilham alır. Bu binanı ilk neft milyonçularından biri olan Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza xanım Tuqanova üçün tikdirmişdi. O vaxtdan bəri, daha doğrusu Sovet işğalından və Muxtarovun intiharından sonra, bu tikili dəfələrlə əldən-ələ keçdi, başqa-başqa məqsədlər üçün istifadə olundu. Hazırda bu binada nikahların qeydə alınmasını aparan Bakı Nikah Evi yerləşir, ona görə də buranı daha çox - "Səadət Sarayı" kimi tanıyırlar. Menlibayeva ilə Ələkbərov, təqdim etdikləri şou çərçivəsində Muxtarovun sarayı haqqında bəhs edərək, onun misalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzuları araşdırırlar. Bakı və Venesiya memarlığında əsrlər boyu özünü büruzə verən mübadilə və ziddiyyətlərə müraciət etməklə "Odla suyun birliyi" layihəsi titrəyişli mədəni birliklərin mürəkkəbliyini araşdırmağa çalışır.

Rəşad Ələkbərovun layihəyə daxil etdiyi heykəllər Palazzo Barbaronun Venesiya mənzərəsi və onun XIV əsrə aid qotika interyeri ilə qarşılıqlı əlaqəyə keçir, ünsiyyət yaradırlar. Metal, işıq, kölgə və səs instalyasiyaları birləşərək, məkanın içində gizlənən ziddiyyətləri və təzadları üzə çıxarırlar. Rəşad Ələkbərov Palazzonun sırf Venesiya tarixini öz şəxsi "Bakısı"nın tarixi ilə birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın təzəlikcə hazırladığı video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.

Sərginin tamaşaçılara daha dolğun təəssürat bağışlaması üçün hər iki instalyasiya rəqəmsal platforma ilə müşayiət olunur. İctimaiyyətə və KİV-lərə ünvanlanan bu platformalar, eləcə də layihənin özəl internet səhifəsi (www.bakuvenice2015.com) "Odla suyun birliyi" layihəsinin incəliklərini öyrənməyə, onun sərgiləmə tarixçəsi barədə məlumat almağa imkan verirlər. İnternet səhifəsində yerləşən müvafiq vizual və yazı məlumatları, tarixi faktlar və müsahibələr layihəni lay-lay işıqlandırırlar. Bundan əlavə, Palazzo Barbaronun ziyarətçiləri öz təəssürat və qeydlərini bu internet resursuna canlı rejimdə daxil edə biləcəklər və onların həmin rəylərini hər kəs oxuya biləcək.

Təqdimatın özəl kataloqunda dərc olunan mətnlər yazıçı və tarixçi Fuad Axundov; kurator Françesko Bonami; incəsənət tarixi, eləcə də Şərq musiqisi və ədəbiyyatı mütəxəssisi Lalə Kazımova; "Guggenheim UBS Map" layihəsinin Yaxın Şərq üzrə kuratoru Sara Raza; "Tate Liverpool" qalereyasının baş kuratoru Kasya Redjiç və "The Art Newspaper" qəzetinin redaktor müavini Ermanno Rivetti kimi müəlliflər tərəfindən yazılmışdı.

"Odla suyun birliyi" layihəsi müasir incəsənət sahəsində fəaliyyət göstərən, Azərbaycanda müasir incəsənətin təbliğini və inkişafını özünə məqsəd qoyan YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə ərsəyə gətirilmişdi.

YARAT haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənəti ictimaiyyətə daha yaxından tanıtdırmaq üçün çalışır, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 120-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, müsabiqələrdən ibarətdir, 2014-cü ildə isə yay məktəbi də təşkil olunmuşdu. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır. 2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilmişdir. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür.

YARAT Bakıda, açıq havada düzənlənən iki Pablik-Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə, 55-ci Venesiya Biennalesində və IV Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesində iştirakını qeyd etmək kifayətdir.

Təşkilat böyüməkdə davam edir. 2014-cü ildə YARAT-ın yeni bir binası istifadəyə verilmişdi. Bu binada rəssam emalatxanaları, eləcə də "art-rezident" proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılır. YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz Qafqaz, Orta Asiya və qonşu ölkələri əhatə etməklə müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq olacaq.

Rəssamların bioqrafiyaları

Rəşad Ələkbərov. 1979-cu ildə anadan olub, Bakıda yaşayıb-çalışır. Əsərləri dünya miqyaslı sərgilərdə nümayiş etdirilmişdi, o cümlədən: HERE...TODAY ("Burada... Bugün), "Old Sorting Office" İncəsənət Mərkəzi, London (2014), INTERACT: Deconstructing Spectatorship ("Qarşılıqlı təsir: dağıdıcı seyretmə"), "Courtauld" İncəsənət İnstitutu, London (2014), 55-ci Beynəlxalq "la Biennale di Venezia" İncəsənət Sərgisinin Azərbaycan Pavilyonu. Bakıda 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dekorativ-tətbiqi sənət" fakültəsini bitirib. Müxtəlif incəsənət sahələrində çalışır, o cümlədən: rəngkarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video, memarlıq dizaynı. Qurduğu instalyasiyalarda kölgələrdən istifadə etməsi Rəşad Ələkbərovun konseptual yaradıcılığının əsas istiqamətini təşkil edir. İlk dəfə bu tipli əsərlərini tamaşaçıların diqqətinə Bakıda 2000-ci ildə "Zamanın qanadları" sərgisində təqdim etmişdi. Əsərləri Azərbaycan, İtaliya, Türkiyə və Rusiya kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanır.

Almagül Menlibayeva. Qazaxıstanın Almatı şəhərindən olan müasir video və foto rəssamıdır. Hazırda Qazaxıstanda və Almaniyada yaşayır. 15-ci və 18-ci Sidney Biennalesi, 51-ci, 52-ci və 53-cü Venesiya Biennalesi, 10-cu Şarja Biennalesi və 4-cü Moskva Biennalesi kimi tədbirlərə qatılmağı ilə beynəlxalq incəsənət aləmində şöhrət qazanmışdı. Əsərləri dünyanın bir çox muzey və qalereyalarında, o cümlədən Moskva Müasir İncəsənət Muzeyində (Moskva) və "MoMA PS1" muzeyində "EXPO 1"in tərkib hissəsi kimi nümayiş etdirilir. Filmləri çoxsaylı beynəlxalq kino festivallarında göstərilib. Münhendə keçirilən Beynəlxalq "KINO DER KUNST 2013" Kinofestivalının əsas mükafatına layiq görülmüşdü.

Kurator haqqında

Suad Qarayeva. Kuratorluq işinə YARAT-ın Venesiya layihəsi ilə başlayıb. Sonradan YARAT Müasir İncəsənət Mərkəzinin kurator-direktoru təyin olunub. YARAT-ın sərgilər proqramına və daimi kolleksiyasına rəhbərlik edir. Əvvəllər Sotheby's hərrac evində Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis vəzifəsində çalışıb. "Yolların kəsişməsində" sərgisi ilk dəfə keçirildikdə, həmin sərginin kuratoru olmuşdur. Qafqaz və Orta Asiya sənətkarlarının müasir incəsənət əsərlərini təqdim edən bu sərgi 2013-cü ildə keçirilmişdi, 2014-cü ildə isə onun davamı olan "Yolların kəsişməsində-2: İncəsənət İstanbuldan Kabilə kimi" sərgisi düzənlənmişdi. Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o çümlədən 2013-cü ildə keçirilmiş "Müasir Şərq" və "Fokusu dəyişərək" tədbirlərinə rəhbərlik etmişdi. Suad Qarayeva uzun müddətdir ki, YARAT-la əməkdaşlıq edir, 2012-ci və 2014-cü illərdə GRID Beynəlxalq Fotoqrafiya Biennalesində təşkilatın pavilyonu üzrə kurator olmuşdur. O, həmçinin 53-cü və 54-cü Venesiya Biennaleləri üçün hazırlanmış Azərbaycan Milli Pavilyon sərgiləri kimi bir sıra beynəlxalq layihələr üzərində işləyib. London İqtisadiyyat Məktəbində "Fəlsəfə və ictimai münasibətlər" üzrə magistr dərəcəsini (MSc), Qlazqo Universitetində isə "Müasir və modern incəsənət" üzrə elmlər namizədi dərəcəsini (Mlitt) almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti