...

"Bala Türkvizyon 2015"-ə Qazaxıstanda start verildi

Mədəniyyət Materials 3 İyun 2015 16:49 (UTC +04:00)
Qazaxıstanın Almatı şəhərində türkdilli ölkələrin “Bala Türkvizyon 2015” birinci uşaq televiziya mahnı müsabiqəsinin seçmə mərhələsi başlayıb.
"Bala Türkvizyon 2015"-ə Qazaxıstanda start verildi

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Mayın 30-da Qazaxıstanın Almatı şəhərində türkdilli ölkələrin "Bala Türkvizyon 2015" birinci uşaq televiziya mahnı müsabiqəsinin seçmə mərhələsi başlayıb. Bununla da türkdilli ölkələrin ilk dəfə keçiriləcək bu möhtəşəm mahnı müsabiqəsinin seçmə turlarına start verilib. Trend-in məlumatına görə, bu barədə layihənin baş koordinatoru İslam Bağırov məlumat verib.

O bildirib ki, uşaq mahnı yarışmasının estafetinin Almatıdan başlaması təsadüfi deyil. Qazaxıstan türkdilli ölkələrin mədəni birliyinə böyük töhfə verən ölkələrdən biridir. Qazaxıstanda Aliyə Nazarbayevanın rəhbərlik etdiyi "Jandau Alemi" fondunun türkdilli ölkələrin "Bala Türkvizyon" birinci uşaq televiziya mahnı müsabiqəsinə xüsusi dəstək verməsi həmin ölkədə bu tədbirə verilən önəm kimi dəyərləndirilməlidir.

İ.Bağırov əlavə edib ki, TMB (Türk Müzik Birliyi) telekanalının beynəlxalq layihəsi olan "Bala Türkvizyon" müsabiqəsinə 20-dən çox ölkədən - o cümlədən Azərbaycandan 8-13 yaşlı uşaqlar qatılacaq. Türkdilli xalqların birliyinin möhkəmləndirilməsində xüsusi rolu olan ölkəmizdə də uşaq mahnı müsabiqəsinin seçmə mərhələsinin keçirilməsinə hazırlıq görülür. Müsabiqənin keçirilməsində əsas məqsəd isə türk dünyasının yeniyetmə istedadlarını üzə cıxartmaq, onlar arasında sıx əlaqələr qurmaq və ortaq türk mədəniyyətini gələcək nəsillərə aşılamaq, onların bir-birini daha da yaxından tanımasına şərait yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti