...

Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli Gün”ü çərçivəsində konsert proqramı təşkil edib (FOTO)

Mədəniyyət Materials 10 İyul 2015 09:10 (UTC +04:00)
Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli Gün”ü çərçivəsində konsert proqramı təşkil edib.
Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli Gün”ü çərçivəsində konsert proqramı təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 9-da "Milan Expo 2015" Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Milli Gün" çərçivəsində Azərbaycan incəsənət ustalarının çıxışı olub.

Fonddan Trendə verilən məlumata görə, Azərbaycan mədəniyyətinin yerli sakinlər və pavilyona digər ölkələrdən gələn qonaqlara tanıdılması proqramı "Milan Expo" ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin də iştirak etdiyi konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış edib.

Daha sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında "Natiq" ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər eyni zamanda milli pəhləvanlarımız-Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın çıxışını "Azərbaycan" deyərək alqışlarla qarşılayıblar.

Azərbaycan pavilyonunda, həmçinin milli mətbəxin və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətindən ifa ediblər.

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.

Pavilyondakı "IDEA-Biomüxtəliflik parkında" quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi "Bakı 2015" birinci Avropa Oyunları barəsində video çarxlar nümayiş etdirilib.

Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, "Milan Expo 2015"də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri və İtaliyanın ictimai xadimləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan pavilyonu "Milan Expo 2015" sərgisi çərçivəsində mayın 1-dən fəaliyyət göstərir. "Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" devizi ilə keçirilən bu ilki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur.

Sərgini ziyarət edən milyonlarla insana Azərbaycanın qədimliyi və müasirliyi, tarixi və bu gününə dair təqdimatlar olur. Qeyd edək ki, Azərbaycan pavilyonu "Milan EXPO 2015" sərgisinin ən ilkin hazırlanmış və ən çox ziyarətçi qəbul edən pavilyonlarından biridir.

Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış və qısa müddət ərzində "Milan EXPO 2015"in sevimli məkanına çevrilmiş Azərbaycan pavilyonu bura gələn hər bir ziyarətçiyə ölkəmiz haqqında xoş təəssürat bağışlayır və hər bir kəsin qəlbində Azərbaycan sevgisi ilə ölkəmizə səyahət etmək arzusu yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti