Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın model qismində podiuma çıxması "İpək yolu" IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri oldu. Bu barədə Trend-ə G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.
G.Xəlilova məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının defilesində iştirak edib.
G.Xəlilova bildirib ki, festivalda, xüsusilə kolleksiyaların təqdimatında bir-birinə kömək edən və hətta defiledə iştirak edən dizaynerlər arasında möhtəşəm ab-hava var idi: "Mən məşhur özbək dizayneri Hafiz Xanının defilesi zamanı podiuma çıxdım ki, bu da zaldakı tamaşaçıların gurultulu alqışına səbəb oldu. Həttta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov defiledən sonra mənə dedi: "Bəli, sən əsl aktrisasan!". Mənə çox xoş idi" (gülür).
Xatırladaq ki, G.Xəlilovanın "Bakı-2015" I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
Urumçi şəhərində (Çin) keçirilmiş festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.
Qeyd edək ki, G.Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri" - görə mükafat almışdı.