Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Oktyabrın 30-da Rus Dram Teatrının səhnəsində rejissor İrqar Safatın Ceyn Ostinin romanı əsasında səhnələşdirdiyi "Qürur və qərəz" tamaşası növbəti dəfə oynanılacaq.
Teatrdan Trend-ə verilən məlumata görə, bu, tearın ən çox bilet satılan tamaşasıdır.
Tamaşanın rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşada Azərbaycanın əməkdar artistləri Omir Nağıyev, Natalya Balıyeva, həmçinin teatrın artistləri İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.
Onu da qeyd edək ki, bu günə qədər "İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Bu əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.