...

"Kitabların və dövri nəşrlərin nüsxələrindən əsas kitabxanalara verilməlidir" (FOTO)

Mədəniyyət Materials 28 Yanvar 2016 16:33 (UTC +04:00)

Bakı. Trend

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının təkmilləşdirilməsi məsələlərinə dair qəzet və jurnal redaktorları və nəşriyyat direktorlarının respublika müşavirəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik, Mətbuat Şurası və Milli Kitabxananın birlikdə gerçəkləşdirdiyi müşavirə ölkəmizdə dərc olunan mətbuat nümunələrinin və digər çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 21 noyabr 2015-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar təşkil olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev əvvəlcə ölkə başçısının respublikada fəaliyyət göstərən mətbu orqanların, nəşriyyat və poliqrafiya sahəsinin inkişafına göstərdiyi diqqət və qayğısından söz açıb. Respublikada kitab nəşrlərinin yüksək səviyyədə çap edilməsinə münasibət bildirən nazir qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi bəzi qurumlar tərəfindən tam təmin edilmir. Problemin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən Ə.Qarayev nöqsanların aradan qaldırılmasının səmərəli və operativ yollarından danışıb. Qeyd olunub ki, mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri kitab dövriyyəsini qanunvericiliyin tələblərinə uyğun həll etməlidir. Çap olunan müxtəlif kitabların, dövri nəşrlərin Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən digər nüfuzlu kitabxanalara verilməsi təmin olunmalıdır: "Nəşriyyatlarda çap olunan hər bir nəşrdən 10 nüsxə kitabxanalara verilməsi heç nəyi dəyişməz. Ancaq həmin kitabların milli kitab xəzinəsinə verilməməsi çox şeyi dəyişir. İstəməzdik ki, bu məsələlər inzibati yolla həll olunsun. Biz bununla milli arxiv irsimizi yüksək səviyyədə yaradır və onu gələcək nəsillər üçün qoruyub saxlamış oluruq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq".

Nəşr məhsullarına İSBN beynəlxalq kitab nömrələrinin verilməsinin zəruriliyini qeyd edən nazir hazırda bu işlə Xəzər Universitetinin məşğul olduğunu, lakin prosesin formal aparıldığını, respublikada çap olunan kitabların yalnız 20-25 faizinə İSBN nömrəsi verildiyini, onların da beynəlxalq İSBN agentliyinin bazasında öz əksini tapmadığını bildirdi. Qeyd etdi ki, İSBN nömrəsi Milli Kitabxana tərəfindən verilərsə, arxiv fondu da zənginləşər və məcburi nüsxələrin verilməsində paralellik aradan qaldırılar. Bu məsələdə Müəllif Hüquqları Agentliyi də İSBN nömrəsinin və vahid kitab nömrəsinin Milli Kitabxana tərəfindən verilməsini dəstəkləyir və bu barədə Nazirlər Kabinetinə təklif də verilib.

Nazir ona ünvanlanan sualları da cavablandırdı. Qeyd etdi ki, bu il uşaq ədəbiyyatına dair kitabların nəşrinə daha çox üstünlük veriləcək.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirdi ki, bizim bir milli arxivimiz var: "Bu milli-mənəvi irsimizin zənginləşməsində hamılıqla iştirak etməliyik. Bu istiqamətdə qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaqla uğur əldə etmək olar. Qəbul olunan qərarlar və görüləcək işlər milli mənəviyyatımızın gələcək nəsillərə çatdırılmasına xidmət edəcək".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuat orqanlarının müvafiq qərarlara əməl etmələrinin vacibliyindən danışdı. Qeyd etdi ki, bu gün Türkiyə, Almaniya, Fransa, Polşa arxivlərində ölkəmizə məxsus onlarla qəzet və jurnal mövcuddur: "Bu kimi ənənələri ölkəmizə də gətirməliyik".

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, millət vəkili Elmira Axundova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı mövzu ilə bağlı çıxışlar etdilər. Qəzet və jurnal redaktorları ilə yanaşı, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin də qatıldığı müşavirədə bu sahədə mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti