Bakı. Trend:
İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehinin dəvəti üzrə bu ölkənin Bakıdakı səfirliyində tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan və İordaniyanın milli geyimlərinin təbliğatına istiqamətlənmiş birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Xüsusi ilə G.Xəlilovanın İordaniyada, tanınmış iordaniyalı dizaynerin isə Azərbaycanda kolleksiyasının, eləcə də onların birgə defilesinin təqdimatı planlaşdırlır. Səfirə dizaynerin Azərbaycan milli ornamentlərinin əks olunduğu əl işi olan pannosu hədiyyə edilib.
G.Xəlilova deyib ki, İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi Azərbaycanın milli geyimlərinə heyran qaldığını bildirib və ölkələrimizin qədim irsinin təbliğatına yönəldilmiş layihəni reallaşdırmaq istəyini ifadə edib.
Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdə uğurla təqdim olunub. Dizaynerin işləri Misir, ABŞ, Türkiyə və digər ölkələrin mədəniyyət mərkəzlərində, eləcə də tanınmış ictimai xadimlərin, mədəniyyət, incəsənət, elm və mədəniyyət nümayəndələrinin kolleksiyalarında saxlanılır.