...

Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 17 İyun 2016 20:32 (UTC +04:00)
Bakıda Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təntənəli təqdimatı olub.
Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təqdimatı olub (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Bakıda Dövlət Rəssamlıq Akademiyasının müəlliməsi, tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kataloqunun təntənəli təqdimatı olub. Təqdimatın məqsədi Avropada Azərbaycan milli geyiminin təbliğ edilməsidir.

Trend-in məlumatına görə, layihənin əsas simaları milli geyimlərdə iştirak edən Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva və “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Məryəm olublar. Kataloq iki dildə - Azərbaycan və ingilis – buraxılıb və o, Avropada yayılacaq. Layihənin çəkilişləri dünyanın ən böyük xalça fabriklərindən biri olan “Azərilmə”də (direktoru Vidadi Muradov) və Şirvanşahlar sarayı ərazisində, İçərişəhərdə aparılıb.

Layihənin reallaşdırılmasında 2014-cü il Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir və stilist-vizajist, milli mükafatların qalibi Səbinə İmanova iştirak ediblər.

Bayram gecəsinin qonaqları görkəmli ictimai xadimlər, mədəniyyət, incəsənət, elm, diplomatik missiyaların nümayəndələri olublar. Qonaqlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, pedaqoji elmlər doktoru, əməkdar müəllim, akademik Vidadi Xəlilov, Milli Məclisin deputatı, şairə Qənirə Paşayeva, Milli Məclisin deputatı Hikmət Babaoğlu, əməkdar incəsənət xadimi, modelyer dizayner Fəxriyə Xələfova, xalq artisti Səkinə İsmayılova, əməkdar incəsənət xadimi Samirə Əliyeva, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, sağlam qidalanma üzrə mütəxəssis, teleaparıcı və şairə Mələk Xəlil, televiziya aparıcıları Mətanət Ağamirli, Leyla Mustfayeva, Ruslan Həsənov, Rəşad Mehdili, ifaçı Samirə Allahverdi və başqaları da olub.

Çıxış edənlər Azərbaycan xalqının milli adətlərinin, ənənələrinin və dəyərlərinin, etnik yaradıcılığının, mədəniyyətinin, incəsənətinin və qədim irsinin bütün dünyada təbliğatı işində layihənin reallaşdırılmasının vacibliyini vurğulayıblar. Həmçinin, hələ 2006-cı ildə Gülnarə Xəlilova tərəfindən təklif edilmiş Milli Geyim Gününün təsis edilməsinin zəruriliyi qeyd edilib.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdə uğurla təqdim olunub. Dizaynerin işləri Misir, ABŞ, Türkiyə və digər ölkələrin mədəniyyət mərkəzlərində, eləcə də tanınmış ictimai xadimlərin, mədəniyyət, incəsənət, elm və mədəniyyət nümayəndələrinin kolleksiyalarında saxlanılır. O eləcə də teatr və kino üçün əsərlər yaradıb və bir sıra kitabların müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti