...

Bəstəkar “Çağır məni” dedi (FOTO/VİDEO)

Mədəniyyət Materials 3 Noyabr 2016 20:03 (UTC +04:00)
Bəstəkar Sevinc Tofiqqızı yeni “Çağır məni” adlı klipinə və qısametrajlı filminin təqdimatını keçirib.
Bəstəkar “Çağır məni” dedi (FOTO/VİDEO)

Bakı. Trend:

Bəstəkar Sevinc Tofiqqızı yeni “Çağır məni” adlı klipinə və qısametrajlı filminin təqdimatını keçirib.

Trend-in məlumatına görə, mahnının sözləri Xanım İsmayılqızı, musiqisi S.Tofiqqızına məxsusdur. Mahnını müğənni Aslan Hüseynov səsləndirib.

Həm filmin, həm də klipin rejissorluğunu Elmar Məmmədov edib, ssenari müəllifi isə Pəyyam Rafiqdir. Hər iki ekran işində S.Tofiqqızı, A.Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev rol alıb.

Film və klip aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr edilib.

Tədbirdə ilk olaraq himn səsləndirilib, 1 dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib. Mərasimdə Qarabağ müharibəsinin canlı şahidi olmuş müharibə veteranları və qazilər də iştirak ediblər.

Əlil Sahibkarlar Təşkilatı Birliyinin sədri Mirzə Məmməd Vəliyevin təşkilatçılığı və aparıcılığı ilə keçirilən mərasimdə hər iki ekran işi nümayiş olunub.

S.Tofiqqızı klipin və filmin uğurlu alındığını vurğulayıb: "Filmdə yalnız musiqi səsləndirilib. Həm film, həm də klipin çəkilişləri N saylı hərbi hissədə aparılıb. Bunun üçün bizə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin rəhbəri Mirzə Məmmədvəliyevin təşkilatçılığı ilə şərait yaradan Daxili Qoşunların komandanı Şahin Məmmədova, mətbuat xidmətinə, şəxsi heyətinə yaradıcı komandamız adından təşəkkür bildirirəm”.

Tədbirdə millət vəkili Hadı Rəcəbli, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Əskərova, Şuşa rayon icra hakimiyyətinin başçısının müavini, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri Hamid Karadeniz, Namik Ata, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, şair Vaqif Nəcəfzadə və başqaları çıxış edərək, ekran işi ilə bağlı fikirlərini bölüşüblər.

S.Tofiqqızı “Çağır məni”nin yaradıcı heyətini “Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin fəxri diplomu ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti