...

“Xalçaların dili” Qazaxıstanda moda həftəsini fəth edib (FOTO)

Mədəniyyət Materials 24 May 2018 19:20 (UTC +04:00)
Gülnarə Xəlilovanın “Xalçaların dili” adlı kolleksiyası Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “Aspara Fashion Week” Moda həftəsində böyük uğurla nümayiş etdirilib.
“Xalçaların dili” Qazaxıstanda moda həftəsini fəth edib (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin və "Gulnara Khalilova" Moda Evinin “Xalçaların dili” adlı kolleksiyası Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “Aspara Fashion Week” Moda həftəsində böyük uğurla nümayiş etdirilib.

Trend-in məlumatına görə, “Xalçaların dili” Azərbaycan xalçalarının ornamentlərindən istifadə olunmuş müasir dizayner həllidir.

Kolleksiya daha əvvəl 2016-cı ildə Rumıniyada keçirilmiş Moda həftəsində “Creative Industries Awards” ali mükafatına layiq görülüb. Bu dəfə isə özünün orijinallığı və özünəməxsusluğu ilə müxtəlif ölkələrdən olan dizaynerləri və tamaşaçıları fəth edib. Bəzi KİV-lər və telekanallar dizaynerdən müsahibə alıb və həmin dəfilə haqqında xüsusi reportaj hazırlayıb. Gülnarə Xəlilova, həmçinin Moda həftəsinin münsiflər heyətinin işində iştirak edərək gənc dizayenerlərin işini qiymətləndirib.

Qeyd edək ki, ASPARA FASHION WEEK çərçivəsində dünyanın 22 ölkəsindən olan 24 dizayner özlərinin 2018-2019 payız-qış kolleksiyalarını təqdim edib. ASPARA FASHION WEEK Qazaxıstanın dəb sənayesində ən möhtəşəm və irimiqyaslı tədbirdir və Avropa, Asiya və Amerikadan olan geyim dizaynerləri, jurnalistləri və ekspertlərinin iştirakı ilə keçirilir. Qonaqlar və iştirakçılar arasında ABŞ, Hollandiya, İtaliya, Fransa, Polşa, Böyük Britaniya, Hindistan, Çin, Bolqarıstan, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Ukrayna, Almaniya, Serbiya, Macarıstan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr var. Layihənin müəllifi və rəhbəri Qazaxıstanın tanınmış dizayneri, texniki elmlər namizədi, sənətşünaslıq üzrə dosenti Aydarxan Kaliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti