Bakı. Trend:
“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Özbəkistanın aparıcı universitetlərinin kitabxanalarına ölkəmizə dair
zəngin kitab kolleksiyası hədiyyə olunub.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına hədiyyə olunması məqsədi ilə zəngin kitab kolleksiyası toplanıb.
Kolleksiyada özbək dilində Daşkənddə nəşr olunmuş “Haydar Aliyev”, “İlham Aliyev o‘zgarishlar jarayonidagi Prezident tasviri”, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, “Xocalı soyqırımı”, Özbək tarixçi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ: müharibə ideyaları”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insaniyyət”, Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, Leyli və Məcnun”, “İqbalnamə”, M.Füzulinin “Калб гавхари”, Daşkənddə özbək dilində çapdan çıxmış Azərbaycan ədəbiyyatının antologiyaları, bir sıra tanınmış yazıçıların və şairlərin əsərləri (Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvin), habelə milli mədəni irsimizə dair “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər yer alıb.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlər Daşkənddə işıq üzü görüb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə Azərbaycandan müxtəlif müəssisələrdən, xüsusi ilə Mədəniyyət Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən Azərbaycanın dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalı, Xocalı soyqırımı, Azərbaycanın multikulturalizm ənənələri, Azərbaycan ədəbiyyatı, mədəni irsimiz, dağıdılan mədəniyyət abidələrimiz, Azərbaycanın turizm resurslarına dair nəşrlər sözügedən kolleksiyalara əlavə edilir.
S.Abbasov layihənin həyata keçirilməsində əsas məqsədin özbək dilində Azərbaycana dair məlumat boşluğunun aradan qaldırılması, iki ölkə arasında dostluq əlaqələrin dərinləşdirilməsi, habelə ölkəmizin təbliği, özbək oxucularına, araşdırmaçılarına Azərbaycan haqqında obyektiv məlumatlar əldə etməsini təmin etmək olduğunu bildirib. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap olunan kitabların elektron versiyasının Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına göndərildiyini və sözügedən kitabxanaların elektron kitabxanasına daxil edildiyini qeyd edib.
Hazırda bu istiqamətdə işlərin davam etdiyini bildirən diplomat, “Azərbaycanı tanıyaq”, “Azərbaycan tarixi hər bir ölkədə” və başqa layihələr çərçivəsində son beş ildə minlərlə kitab, jurnal, elektron nəşrin qardaş Özbəkistanın kitabxanalarına, elm və təhsil müəssisələrinə hədiyyə edildiyini qeyd edib.