Bakı. Trend:
Sentyabrın 29-da həmçinin Daş Salnamə Muzeyində dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi keçirilib. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 27-30 sentyabr tarixlərində baş tutub.
Trend-in məlumatına görə, mühazirənin keçirilməsi üçün Vaşinqtonla telekörpü təşkil olunmuşdu.
C.Rifkin bildirib ki, bəşəriyyət üçüncü sənaye inqilabının ərəfəsindədir və bu, ekoloji təmiz elektrik, 3D printerlər və internet sayəsində mümkün olacaq. O hesab edir ki, bəşəriyyət özünü yenidən dərk etməli və empatiya bunda əsas rol oynayır:
“Biz insan irqini böyük bir ailə kimi qavramalıyıq və milli eyniləşdirmə barədə təsəvvürlərimiz genişləndirməliyik. Eyni zamanda, biz milli mənsubiyyətimizi və ya dini əlaqələrimizi itirmirik”.
Mühazirəçinin sözlərinə görə, real iqtisadiyyat fotosintezdir. Günəş Yerə gün işığı verir, bitkilər fotosintez prosesini təmin edir və bu planetdə qalan hər şey bu özül sayəsində baş verən proseslərdir:
“Biz sayımız 7 milyarda çatan insanlarıq və eyni zamanda planetin biokütləsinin bir faizindən azını təşkil edirik. Buna baxmayaraq, biz Yerdəki fotosintez proseslərinin 24 faizini istifadə edirik. Biz əjdahaya çevrilmişik. Yaxın 30 il ərzində biz yeddi milyard əvəzinə doqquz milyard olacağıq. Bu, çox rasional deyil. Biz ya getməliyik, ya da dəyişməliyik”.
Mühazirə “sual-cavab” sessiyası ilə başa çatıb.